31/10/2017 14:05

Türkmənistan hərbi paradda yeni silahlarını nümayiş etdirdi – FOTO – VİDEO

Oktybarın 27-də Aşqabad şəhərində Türkmənistanın müstəqilliyinin 26-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

“AzeriDefence” xəbər verir ki, bu haqda Türkmənistanın Dövlət informasiya agentliyi məlumat yayıb.

Hərbi parada dövlət və qoşun növlərinin bayraqlarının qaldırılması ilə start verilib. Paradda bütün növ qoşun növləri – hərbi təyyarəçilər, motoatıcı tabor, sərhədçilər, xüsusi təyinatlılar, mülki müdafiə qoşunları, Daxili İşlər Nazirliyinin (atlı bölmələri də daxil olmaqla) zabit heyəti, desantçılar, dəniz piyadaları, qadın taborundan ibarət hərbçilər iştirak ediblər.

Paradda Türkmənistan Silahlı Qüvvələrinin BƏƏ-nin “Nimr” şirkətindən satın aldığı 4×4 təkər formullu “Ajban 440” zirehli avtomobilləri, “Ajban LRSOV” xüsusi təyinatlı maşınlar, Belarusdan alınmış “Şerşen” tank əleyhinə raket kompleksləri, taktik pilotsuz uçuş aparatları (PUA), minaatan və pulemyotları təqdim olunub.

Bundan başqa paradda BTR-80A zirehli transportyorları, “Karakal” özüyeriyən tank əleyhinə raket kompleksləri, MAN hərbi maşınları, “Orbiter 3B” PUA, piyada döyüş maşınları, özüyeriyən artilleriya qurğuları, BM-21 “BelQrad” və “Smerç” reaktiv yaylım atəş sistemləri nümayiş etdirilib.

Tədbirdə həmçinin “Diamond-42” yüngül çoxməqsədli təyyarələri,  Su-25 və MiQ-29 döyüş təyyarələri, “Eurocopter” çoxməqsədli helikopterləri səmada öz bacarıqlarını göstəriblər.

Bununla yanaşı paradda Ordunun silahlanmasına yeni qəbul edilmiş texnikalardan Amerikadan alınmış xüsusi təyinatlılar üçün “Polaris Defense” şirkətinin istehsalı olan MRZR yüngül nəqliyyat vasitələri, İsrael istehsalı “Orbiter-3” PUA, Slovakiya istehsalı RM – 70 “Vampir” yaylım atəşli reaktiv sistemləri və s. təqdim olunub.

Paraddan göründü ki, Türkmənistan Ordunun atıcı silahlarını da yeniləyir. Heyətin əlində İtalyanın “Beretta” şirkətinin istehsalı olan “Beretta ARX” avtomatı nümayiş etdirilib.