01/11/2017 18:29

Türkmənistan Ordusu rus silahlarını, Qərb və Çinlə əvəz edir

“AzeriDefence”nin analitik qrupu Türkmənistan hərbi paradını analiz edir

Oktybarın 27-də Aşqabad şəhərində Türkmənistanın müstəqilliyinin 26-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Paradda bütün növ qoşun növləri – hərbi təyyarəçilər, motoatıcı bölmələr, sərhədçilər, xüsusi təyinatlılar, mülki müdafiə qoşunları, Daxili İşlər Nazirliyinin (atlı bölmələri də daxil olmaqla) zabit heyəti, desantçılar, dəniz piyadaları, qadın taborundan ibarət hərbçilər iştirak ediblər.

“AzeriDefence”nin analitik qrupu hesab edir ki, Türkmənistan Silahlı Qüvvələri getdikcə öz arsenalını Qərb və Çin texnologiyaları ilə əvəz etməyə çalışır.

Əvvəlki hərbi paradlarla müqayisədə bu ilki paradda, rus və sovet texnika və silahlarının sayı əhəmiyyətli dərəcədə azaldığını müşahidə etmək olar. Keçmiş sovet və yeni rus texnikalarından əsas diqqəti cəlb edən T-90 tankları, “Smerç” reaktiv yayılım atəş sistemləri, S-125 “Peçora” zenit raket kompleksləri, BTR-80 oldu. Eləcə də Belarusiya istehsalı olan BM-21 “BelQrad” yaylım atəşli reaktiv sistemini və “Karakal” özüyeriyən tank əleyhinə kompleksi bura əlavə etmək olar. Ötən illərdə keçirilmiş paradlarla müqayisə etdikdə Türkmənistan Ordusunun hərbi texnika parkının yeniləndiyi aydın görünür. P arad zamanı, Birləşmiş Ərəb Əmirliklərinin “Nimr” şirkətinin istehsalı olan “Ajban 440”, ABŞ-ın “Polaris Defense” şirkətinin istehsalı olan MRZR və “Dagor 4×4” yüngül patrul maşınları, Türkiyədən satın alınmış “Kirpi” MRAP, İsrail istehsalı “Combat Guard”, Çindən satın alınmış “Dong Feng” şirkətinin yüngül zirehli avtomobillər sərginin yenilikləri sırasındaydı.

Hərbi paradda Türkmənistanın aviasiya texnologiyaları da öz məharətlərini göstərdilər və ön planda İtaliyadan alınmış “Agusta Westland” helikopterləri yer aldı.

Paradda digər diqqət çəkən məqam, Belarusdan alınan “Karakal” özüyeriyən tank əleyhinə raket kompleksləridir ki, bunların da üzərində hansı ki, Ukrayna istehsalı olan “Baryer” tank əleyhinə raket kompleksləri yerləşdirilib. Türkmənistan Azərbaycandan sonra ilk dəfə olaraq öz arsenalında yer alan “Orbiter 3” mini taktik pilotsuz uçuş aparatını da nümayiş etdirdi. Bu PUA Azərbaycandan sonra ilk dəfə rəsmən Türkmənistan Ordusunun istifadəsində göründü.

Paradın digər maraqlı məqamı isə Çin istehsalı olan texnikaların üstünlük təşkil etməsi idi. Xüsusilə də, hava hücumundan müdafiə sistemlərinin Çinə məxsus olmasını buna aid etmək olar. Türkmənistan ötən 3 il ərzində Çindən müxtəlif döyüş radiuslarına malik hava hücumundan müdafiə sistemləri (FD-2000 ZRK daxil olmaqla) və radar stansiyaları əldə edib. Son olaraq Çinin Türkmənistana DWL002 radarları satdığına dair məlumatlar mediada yer alıb.

Eləcə də, Almaniyanın “Rohde Schwarz” şirkətinin istehsalı olan rabitə sistemlərinin paradda nümayişi göstərir ki, Türkmənistan rabitə sistemini də artıq Avropa və Çin hesabına qurmağa başlayıb.

Nümayişlərdən göründüyü qədər Türkmənistan silahlı qüvvələrin atıcı silahlarını da yeniləyir. Bu məqsədlə  İtalyanın “Beretta” şirkətindən böyük həcmdə “Beretta ARX” avtomatı satın alınıb.

Qeyd edək ki, Türkmənistan Avropa ölkələri içərisindən İtaliya ilə hərbi-texniki sahədə sıx əməkdaşlıq edir. Ötən dövrlərdə bu ölkədən gəmi silahları, o cümlədən gəmilər üçün radar sistemləri, gəmi topları əldə edib. “MBDA İtaliya” şirkətindən “gəmi-hava”, “gəmi-gəmi” tipli raketlərinin satın almasını həyata keçirib.  “Tetris” proqramı çəçivəsində Türkmənistan “MBDA İtaliya” şirkətindən gəmiəleyhinə “Otomat Mk 2”, yüngül gəmilərə qarşı “Marte Mk 2/N” və “SIMBAD-RC” raket kompleksləri, “Leonardo” şirkətindən isə “Falco” tipli PUA-lar alıb.

Paradda nümayiş olunan “Kirpi” MRAP Türkmənistanın son illər əldə etdiyi ən müasir hərbi texnikalardan biridir və hazırda ordu silahlanmasında yer almaqdadır. Rəsmi Aşqabad 2016-ci ildə Türkiyədən 3 konfiqurasiyada (ambulans, KBRN və personal dayışıcı) 28 ədəd “Kirpi” alıb. Türkmənistan Türkiyə ilə əməkdaşlıq çərçivəsində “Kirpi” MRAP nəqliyyat vasitələri ilə yanaşı həm də “Otokar” şirkətinin istehsalı olan “Cobra” və “Ural” zirehli maşınları əldə edib. Eləcə də Türkiyənin “Dearsan” şirkəti tərəfindən Türkmənistan Hərbi Dəniz Qüvvələri üçün 10 ədəd 56 metrlik  gözətçi gəmisi, 6 ədəd 33 metrlik iti sürətli döyüş kateri və açıqlanmayan sayda yardımçı gəmilər (bura desant gəmiləri, logistik gəmilər daxildir) Türkmanbaşı tərsanəsində inşa edilib.

Türkmənistanın digər bir yeniliyi isə İsrail istehsalı olan “Combat Guard” zirehli avtomobilinin istifadəçisi olmasıdır. 4×4 konfiqurasiyasına malik olan bu maşın paradın açılışı zamanı Türkmənistanın dövlət və Silahlı Qüvvələrinin bayrağını daşıyaraq öndə getdi. Bu maşının ilk istifadəçi olan ölkələrdən biri məhz Türkmənistandır. Hansı ki, bir neçə il əvvəl, türkmən xəbər saytlarında bu maşının təqdimatı ilə bağı xəbərlərə rast gəlmək olur. Ancaq zirehli maşının sayı barədə məlumat isə hələ də açıqlanmır.

Artileriya sistemlərindən isə Türkmənistan ilk dəfə olaraq, RM-70 “Vampir” sistemi ilə paradda keçid etdi.

Ümumiyyətlə hərbi parad onu göstərdi ki, Türkmənistan Silahlı Qüvvələri son illər modern texnologiyalara xüsusi yer ayırmağa başlayıb. Rəsmi Aşqabad maksimum səviyyədə Çin, İtaliya və Türkiyəyə istiqamətlənib. Qeyd edək ki, Çinin hərbi-texniki əlaqələrdə əsas yeri tutması, Türkmənistanın qazının əsas idxalçılardan birinin olması ilə bağlıdır. Bəzi xarici mənbələrdə yer alan məlumatlara görə, satılan hərbi texnikanın dəyərinin ödənilməsi karbohidrogen resurslar vasitəsilə həyata keçirilir. Yəni Çin aldığı qaz və neftin qarşılığında Türkmənisatana silah və hərbi texnikanın tədarükünü həyata keçirir. Planlardan göründüyü qədər Türkmənistan Ordusu yaxın perspektivdə Çindən yeni nəsil zərbə pilotsuz uçuş aparatları əldə etməyi nəzərdə tutur. Ötən ilki paradlarda Türkmənistan Ordusunun istifadəsində Çinin “China Aerospace Science and Technology Corporation” (CASC) şirkətinin istehsalı olan silahlı CH-3A və WJ-600 A/D çoxməqsədli PUA-lar nümayiş etdirilib. Hərbi sərgilərdə səsələnən məlumatlara görə, Türkmənistan hazırda Çinlə “Wing Loong” (“Pterodaktel” və ya “Əjdahanın qanadı”) döyüş PUA-nın əldə edilməsinə dair danışıqlar aparır.