05/05/2018 21:58

Türkmənistan yeni təyyarələrini nümayiş etdirdi – FOTO

Türkmənistan silahlanmasına yeni daxil edilən hərbi aviasiya vasitələrini nümayiş etdirib.

“AzeriDefence”nin “Altyn Asyr” telekanalına istinadən verdiyi məlumata görə, may ayının 3-də prezident Qurbanqulu Berdimühəmmədovun rəhbərliyi ilə keçirilən “qoşunların döyüş hazırlığının qəfil yoxlanılması” zamanı Türkmənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında Airbus C295, Alenia C-27J “Spartan” hərbi nəqliyyat təyyarəsi və “Leonardo” şirkətinin istehsalı olan M-346 “Master” reaktiv təlim-döyüş təyyarəsi nümayiş olunub.

Videoda diqqət çəkən məqamlardan biri nümayiş etdirilən təyyarələrin üzərində Türkmənistan HHQ-nin fərqləndirici nişanının olmamasıdır. Bu da həmin təyyarələrin sınaqlar üçün Türkmənistana gətirildiyini deməyə əsas verir.

Təlimin videosunda Türkmənistanın 2016-cı ildə Çindən aldığı NSG-127 iriçaplı snayper tüfəngindən atışlar da ilk dəfə görüntülənib. 12.7×108 mm çaplı NSG-127 snayper tüfənginin çəkisi 13 kq, effektiv atış məsafəsi isə 1500 metrdir. Bundan başqa, təlimdə Çin istehsalı olan FM-90 zenit raket kompleksi ilə atışlar da edilib.