27/02/2018 12:00

UKAP döyüş robotları Türkiyə Ordusunun silahlanmasına daxil olacaq

Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) “Katmerciler” şirkətinin istehsal etdiyi məsafədən idarə olunan döyüş robotunun (UKAP) 20 ədədinin Türkiyə Silahlı Qüvvələrinə verəcəyini açıqlayıb.

“AzeriDefence”nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şirkətdən bildirilib ki, UKAP-ın döyüş əməliyyatlarında istifadə edilməsi planlaşdırılır.

Türkiyə Müdafiə Sənayesi Katibliyinin rəsmi “Twitter” səhifəsində verilən məlumata görə, UKAP-ın texniki göstəricilərinə Türkiyə Silahlı Qüvvələrinin bəzi tələblərinə uyğun olaraq dəyişiklik edilib. Amma bu dəyişiklərin dəqiq şəkildə hansı istiqamətdə aparılması ilə bağlı məlumat verilməyib.

“Katmerciler” məsafədən idarə olunan döyüş robotunun ilk dəfə “İDEF-2017” sərgisində nümayiş etdirib. Bundan sonra isə Ankarada keçirilən 6-cı Özəl Sektor Ar-Ge və Dizayn Mərkəzləri Zirvəsində, peyk-nəzarət sistemi ilə təchiz edilmiş UKAP sərgilənib. Ancaq Silahlı Qüvvələrə veriləcək 20 ədəd UKAP-ın peyk-nəzarət sistemi ilə təchiz edilmiş olacağı ilə bağlı məlumat yoxdur. Silahlı Qüvvələrə peyk-nəzarət sistemi ilə təchiz edilmiş UKAP verilərsə, məhz həmin bölgələrdə əsgər yerləşdirilməsi şərtini aradan qaldırılacaq.

Enerji sistemi elektrikli və ya hibrid ola bilən UKAP, modulyar platforma olaraq fərqlənir. Baza versiyası döyüş platforması olaraq hazırlanan robot ehtiyaclara görə, fərqli konfiqurasiya edilə bilər. İlk prototipi döyüş robotu olaraq hazırlanıb. Əsas platformanın üzərində ASELSAN şirkətinin istehsalı olan, məsafədən idarə edilən “Sarp” döyüş modulu və peyk-nəzarət sistemi var. UKAP sifarişçi tərəfindən tələb olunarsa, platforma üzərinə termal, hərəkətli kameralar və sensorlar yerləşdirilərək kəşfiyyat müşahidə maşını kimi də istifadə edilə bilər.

Bundan başqa, platforma üzərinə güllədən qoruyan xərəklər quraşdırılaraq, münaqişə bölgələrində yaralıları xilas etmək üçün də istifadə oluna bilər. UKAP iki tona qədər əlavə yük daşıma qabiliyyətinə malikdir. Yeni platformada hərbi sursat və avadanlıqların da daşınması nəzərə alınıb. Əməliyyat müddətində UKAP, batareya ilə minimum 5 saata qədər işləyə bilir. Bu müddət genaratorlarla 8 saata qədər artırıla bilir. Sürəti 25 km/saat olan UKAP-ın sürətin artırılması istiqamətində işlər davam etdirilir. UKAP-ları peyk əlaqəsi ilə birlikdə koordinasiyalı şəkildə idarə etmək mümkündür. Belə olan halda, eyni anda 100-150 UKAP-ı məsafədən idarə olunan pultla eyni hədəfə doğru istiqamətləndirilə bilər.