30/04/2012 17:06

Ukrayna KADEX-də geniş çeşiddə məhsullarını nümayiş etdirəcək

“Ukroboronprom” dövlət konserni və “Ukrspeseksport” şirkəti mayın 3-dən 6-dək Astanada keçiriləcək KADEX – 2012 sərgisində iştirak edəcək. Bu barədə “AzeriDefence”yə “Ukrspeseksport” şirkətindən məlumat verilib.

Sərgidə “Ukrspeseksport” şirkəti silah və hərbi texnikaları həm naturada, həm də model olaraq nümayiş etdirəcək.

Sərgidə Ukrayna istehsalı olan T-72 UA4 tankı, BTR-4 və “Dozor-B” zirehli nəqliyyat vasitələri, KrAZ-5233 asvtomobili, BM-3 “Şturm” döyüş modulu təqdim edəcək. Bundan başqa, sərgi iştirakçıları Ukrayna stendində “Stuqna”, “Kombat” və “Skif” markalı tank əleyhinə idarə olunan raketlərinin, “Adros-KT-01AVE” elektro- optik stansiyalarının real ölçülü maketləri ilə tanış ola biləcəklər.

Ukrayna şirkətləri həmçinin “Zubr” hava yastıqlı desant gəmisinin, “Orlan”, “Gürzə”, “Sokol” və “958” katerlərinin, R-27T, R-27ET, R-27R, R-27ER, Tip-621, Tip-211 aviasiya və tank əleyhinə raketlərin maketləri nümayiş etdirəcək.

Sərgidə 1:15 miqyasında “Oplot” tankının, BTR-3E1 və MT-LB nəqliyyat vasitəsinin üzərində “Kolçuqa” radioelektron kəşfiyyat stansiyasının modeli də təqdim olunacaq.