13/11/2017 18:19

Ukrayna Ordusu ASELSAN radiostansiyaları ilə təchiz olunacaq

Ukrayna Silahlı Qüvvələrinin bütün döyüş birqadaları Türkiyənin ASELSAN şirkətinin istehsalı olan radiostansiyalar ilə təmin olunacaq.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələri Rabitə Qoşunlarının rəisi, general-mayor Vladimir Rapko jurnalistlərə açıqlamasında deyib.

General bildirib ki, 2018-2020-ci illər ərzində Ukrayna Silahlı Qüvvələrinin bütün hərbi hissələri Türkiyənin ASELSAN şirkətinin radio avadanlıqları ilə təchiz olunacaqlar: “Ayrı-ayrı hərbi hissə və bölmələr ABŞ hərbi yardım proqramı çərçivəsində alınan “Harris” radiostansiyalarından istifadə etməyə davam edəcək. “Motorola” radiostansiyaları operativ təminat bölmələrində istifadə olunacaq”.

Məlumatda o da qeyd olunub ki, ASELSAN-ın radio avadanlıqları keyfiyyət, qiymət və uğurlu sınaq göstəricilərinə görə Ukrayna Ordusunun tələblərinə cavab verir. Bundan başqa Ukrayna ərazisində həmin radiostansiyaların istehsal edilməsi də planlaşdırılır.

Qeyd edək ki, oktyabrın 10-da, Kiyevdə keçirilən “Silah və təhlükəsizlik” sərgisi çərçivəsində ASELSAN ilə Ukraynanın “Everest” şirkətləri arasında profesional radio rabitə vasitələrinin Ukraynada istehsal xəttinin qurulması və istehsalının həyata keçirilməsinə dair memorandum imzalanıb.

Həmçinin sərgidə ASELSAN şirkəti və Ukraynanın “Ukroboronprom” Dövlət Konserni arasında Türkiyə istehsalı olan rabitə vasitələrinin Ukrayna Silahlı Qüvvələrinə ixracına dair müqavilə imzalanıb. Müqavilə çərçivəsində müxtəlif tip radio cihazlar, əl rabitə vasitələri, maşın içi və tank içi rabitə vasitələri, həmçinin optik cihazların Ukraynaya ixracı nəzərdə tutulub.

Bundan əvvəl ASELSAN şirkəti İsrailin L-1, Amerikanın “Harris Corporation”, Fransanın “Thales” və Almaniyanın “Rohde Schwarz” şirkətləri ilə mübarizə apararaq Ukrayna ordusunun keçirdiyi testlərdən uğurla keçib. Buna görə də, Ukrayna silahlı qüvvələri tərəfindən seçilib.