03/11/2017 16:18

Ukrayna Ordusu ilk “Kazak”ları silahlanmaya qəbul etdi

Ukrayna Silahlı Qüvvələri “Praktika” şirkətinin istehsalı olan “Kazak-2” (“Kozak-2”) zirehli maşının ilk partiyasını qəbul edib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Praktika” şirkəti məlumat yayıb.

Bu günlərdə 10 ədəd “Kazak-2” zirehli avtomobili Ukrayna Müdafiə Nazirliyinə təhvil verilib.

“Kazak-2” Ukrayna Ordusunun silahlanmasına qəbul edilmiş yerli istehsal olan ilk MRAP-dır. Daha əvvəl “Kazak-2” maşınları Milli Qvardiyaya və Dövlət Sərhəd Xidmətinə verilib.

“Praktika” şirkəti tərəfindən 2015-ci ilin iyul ayından təxminən 100 ədəd “Kazak-2” zirehli avtomobili istehsal edilib. “Iveco Eurocargo” şassisi üzərində istehsal edilən “Kazak-2”nin çəkisi 15 tondur. On hərbçini daşıya bilən avtomobil 280 at gücündə dizel mühərriklə təchiz edilib. Maşının ballistik müdafiəsi STANAG level 2, mina partlayışından müdafiəsi isə STANAG level 2a/2b səviyyəsindədir.