13/10/2017 15:40

Ukrayna region ölkələri ilə hərbi münasibətlərində Azərbaycanı nəzərə almağa çalışır

Ukrayna regionun digər ölkələri ilə hərbi ticarət münasibətlərində Azərbaycanla olan əlaqələri nəzərə almağa və xələl gətirməməyə çalışır.

Bu barədə “AzeriDefence”yə Kiyevdə keçirilən “Silah və Təhlükəsizlik-2017” beynəlxalq müdafiə sərgisində təmsil olunan “Ukroboronprom” Dövlət Konsernindən bildirilib.

Konserndən bildirilib ki, müəyyən dövrlərdə yayılmış informasiyalar ölkələr arasında hərbi-texniki münasibətlərə xələl gətirib. Ona görə də Ukrayna tərəfi bu kimi mövzulara həssaslıqla yanaşır: “Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi və hərbi əlaqələr həmişə yüksək səviyyədə olub. Ötən əsrin 90-cı illərində, eləcə də 2000-ci illərin əvvəllərində Azərbaycan Ukraynadan böyük həcmdə müdafiə təyinatlı məhsullar almaqla Ukrayna hərbi sənaye kompleksinə “nəfəs verib”. Azərbaycan bu gün güclü ordusu, balanslı siyasəti ilə regionda təhlükəsizliyə qarant ölkələrdəndir. Azərbaycan Ordusu öz təchizatına görə modern ordular sırasında yer alır. Eyni zamanda Azərbaycan inkişaf etməkdə olan hərbi sənayeyə malikdir”.