29/04/2015 15:10

Ukrayna şirkəti GPS/QLONASS naviqasiyasına qarşı yeni maneə kompleksi hazırlayıb

Ukraynanın “Ukrspestexnika” Holdinqi GPS və QLONASS sistemlərinə qarşı yeni maneə kompleksi hazırlayıb.

Bu barədə “AzeriDefence” Ukrayna mətbuatına istinadən məlumat verib.
“Anklav” adlı kompleks peyk naviqasiya sistemləri ilə çalışan pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzərdə tutulur. Hazırda bu portativ cihazın çöl şəraitində sınaqları aparılır. İlk komplekslər artıq Ukraynanın şərqində döyüş əməliyyatları zonasında tətbiq edilir.

Məlumatda qeyd olunub ki, “Anklav”ın iş prinsipi kifayət qədər sadədir – qurğu cari koordinatların təyini üçün GPS/QLONASS siqnallarından istifadə edən naviqasiya avadanlığına maneə yaradır. Bununla da əvvəlcədən verilmiş koordinatlar üzrə hərəkət edən düşmənin PUA-ları köməksiz vəziyyətə salınır.

“Anklav” kompleksində (istiqamət diaqramı – 40 0 x40 0, gücləndirmə əmsalı 13 dB) yönləndirilən və yönləndirilməyən antena tətbiq oluna bilir. Bu da seçilmiş müəyyən sektora təsir etmək üçündür. Kompleksin tətbiqi zamanı öz qoşunlarına təsirinin aradan qaldırılması üçün xüsusi alqoritmlər işlənir.

Cihazın peyk siqnallarını yatırma məsafəsi yönləndirilməyən antenalardan istifadə zamanı 15-30 km, istiqamətləndirilən antenaların tətbiqi zamanı 150 km-qədərdir. “Anklav-1” və “Anklav-1M” modifikasiyasının ağırlığı antenalar və kabellər daxil 20 kq, “Anklav-2” modifikasiyasının ağırlığı isə qəbuledici blok və gücləndiricilərlə birgə 30 kq təşkil edir.