31/07/2012 12:06

Ukrayna son 10 ildə Azərbaycana 28 təyyarə, 48 tank, 157 zirehli transportyor satıb

Azərbaycan son 10 ildə silah və hərbi texnika alğı-satqısında Ukraynanın əsas tərəfdaşlarından olub.
Bu barədə “AzeriDefence” APA agentliyinə istinadən məlumat verib.

BMT-nin Adi Silahlar Registrinə istinadən verdiyi məlumata görə, 2001-2011-ci illərdə rəsmi Kiyev Azərbaycana həm ağır texnika, həm raket sistemləri, aviasiya vasitələri, həm də yüngül atıcı silahların ixracatını reallaşdırıb.

Hesabat dövründə Ukrayna Azərbaycana 28 ədəd təyyarə (12 ədəd L-39, 16 ədəd MiG-29), 12 ədəd Mi-24 tipli döyüş helikopteri satmaqla, Azərbaycanın hərbi aviasiya parkının yenilənməsində mühüm rol oynayıb.

Bu müddət ərzində hərbi texnikalar üzrə Azərbaycana 48 ədəd T-72 tankı, 2 ədəd BMP-1 markalı piyadaların döyüş maşını, 157 ədəd zirehli personal daşıyıcı (150 ədəd BTR-70, 3 ədəd BTR-3U, 4 ədəd BTS-5B) satılıb.

Artilleriya sistemləri üzrə, son 10 ildə 70 ədəd özüyeriyən haubitsa (16 ədəd 2 S3 «Akasiya», 54 ədəd 2S1 «Qvozdika»), 12 ədəd 9A52 «Smerç» sistemi, 85 ədəd PM-38, 55 ədəd D-30A, 72 ədəd tipi açıqlanmayan haubitsa satışı reallaşdırılıb.

Bundan başqa, Ukrayna Azərbaycana müxtəlif raket sistemlərinin satışını da həyata keçirib. Bunların arasında 3 ədəd «Toçka-U» raket buraxılış qurğusu, 64 ədəd R-27 raketi, 18 ədəd 9M36-1 «Strela» raketi, 10 ədəd 9P58M «Strela» buraxıcı qurğusu, 6 ədəd tank əleyhinə idarə olunan raket kompleksi yer alıb.