26/04/2018 13:39

Ukrayna “Vilxa” raket kompleksinin dövlət sınaqlarını tamamlayıb – VİDEO

Ukrayna 300 mm-lik “Vilxa” yaylım atəşli reaktiv sistemin (YARS) dövlət sınaqlarını tamamlayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, “Vilxa” raket kompleksinin dövlət sınaqları bu gün Xerson bölgəsinin cənubunda keçirilib, kompleksin sınaqları bütün mərhələlərdə uğurla başa çatıb.

“Hər mərhələdə, raketlərin taktiki və texniki xüsusiyyətlərinin müxtəlif parametrləri, xüsusilə müəyyən edilmiş hədəfləri maksimum və minimum məsafələrlə vurma dəqiqliyi, hədəfi məhv etmək gücü, səmərəliliyi və s. yoxlanılıb”, – deyə A.Turçinov bildirib.

A.Turçinov qeyd edib ki, Dövlət Komissiyasının qərarına əsasən, bu il “Vilxa” raket sisteminin seriyalı istehsalı başlayacaq və silahlanmaya qəbul ediləcək.

Bundan əvvəl A.Turçinov 300 mm-lik “Vilxa” raket kompleksinin bütün parametrlər üzrə Sovet/Rusiya istehsalı olan “Smerç” komplekslərini üstələdiyini bəyan etmişdir.