23/07/2019 18:20

Ukrayna yeni 3D radarını xarici diplomatlara nümayiş etdirdi – FOTOLAR

Ukraynanın “SpetsTechnoEksport” şirkəti bu ölkədə akkreditə olunmuş xarici diplomatik korpusların nümayəndələri üçün “İskra” zavodunda (“Ukroboronprom” Dövlət Müəssisəsinə daxildir) istehsal edilmiş yeni 90K6E radarının nümayiş etdirib.

Bu barədə “AzeriDefence”yə “SpetsTechnoEksport” şirkətindən məlumat verilib.

Təqdimatda müxtəlif dövlətləri təmsil edən diplomatlarla yanaşı Azərbaycanın Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev də təmsil olunub.

2018-ci ilin əvvəlində təqdim edilmiş 80K6T radarının ixracat versiyası olan 90K6E radarı bir tranzistor ötürücüsünə sahib mobil 3D radardır. İki model arasındakı əsas fərq proqramla bağlıdır. Hədəfləri dəqiq müəyyənləşdirmək və hava hücumundan müdafiə hərbi hissələrinə ötürmək üçün hazırlanmış radar Hava Qüvvələri bölmələrinə ölkənin hava məkanındakı vəziyyət haqqında məlumat toplamaq və ötürmək üçün istifadə edilə bilər.

Yeni radar 500 km-ə qədər məsafədə və 40 km hündürlükdə eyni anda 300-dən çox hava hədəfini aşkarlaya və mövqeyini dəqiqləşdirə bilir. Radar kompleksi hər 5 saniyədə yenilənmiş məlumatları çıxarır. Radiolokasiya sisteminin 70 dərəcəyə qədər olan geniş baxış bucağı taktiki və əməliyyat taktiki raketləri aşkarlamağa imkan verir. Xüsusi siqnal emal alqoritmləri sayəsində 90K6E radarı relyefin enməsi ilə aşağı hündürlükdə gedən kiçik ölçülü hədəfləri və qanadlı raketləri aşkarlamağı bacarır.