02/10/2014 11:16

Ukrayna yeni üç koordinatlı RLS hazırlayıb

Ukraynanın “Ukroboronprom” Dövlət Konserni 2014-cü ildə 80K6 radiolokasiya stansiyasının (RLS) yeni versiyası olan 80K6K1 üç koordinatlı RLS-ni hazırlayıb. Bu barədə “AzeriDefence” “Ukroboronprom”un mətbuat xidmətinə istinadən məlumat verib.RLS “İskra” Elmi İstehsalat Müəssisəsinin mütəxəssisləri tərəfindən yaradılıb və Ukrayna istehsalı olan iki nəqliyyat vasitəsi üzərində yerləşir.

Mobil 80K6K1 RLS-i hava hücumundan müdafiə qoşunlarının radiotexnika və zenit-raket bölmələri tərkibində istifadə üçün nəzərdə tutulur. Stansiya hava hədəflərinin aşkarlanması, müşayiəti, hədəflərin işarələnməsi, sürətinin müəyyənləşdirilməsi kimi funksiyaları yerinə yetirir.

Hazırda müəssisə tərəfindən daha bir yeni – 80K6KS1 RLS-nin konstruktor sənədləşməsi hazırlanmaqdadır. Bu RLS 80K6K1-dən fərqli olaraq bir nəqliyyat vasitəsi üzərində yerləşəcək və döyüşə açılışın daha az vaxt tələb olunacaq.

80K6K1 RLS-nin döyüş açılışı 6 dəqiqə təşkil edir. RLS-in instrumental uzaqlığı 400 kilometr, “taktik qırıcı” tipli hədəfləri aşkar etmə uzaqlığı 220 kilometr, koordinatların təyini zamanı orta kvadrat səhvi uzaqlıq üzrə ən çox 100 metrdir.