17/08/2017 11:25

Ukraynanın müdafiə naziri: Rus qoşunlarının təhdidlərinə cavab verməyə hazırıq

Ukrayna Rusiyanın yeni təhdidlərinə cavab verməyə hazırdı.

AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Ukrayna müdafiə naziri Stepan Poltorak Rusiya-Belarus “Qərb-2017” birgə hərbi təliminin keçirilməsinə münasibət bildirərkən deyib.

Ukrayna müdafiə naziri Stepan Poltorak “Qərb-2017” birgə hərbi təlimi zamanı rus qoşunlarının Ukrayna torpaqlarını işğalı ehtimalının Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəhbərliyi tərəfindən təhlil olunduğunu söyləyib.

S.Poltorak həmçinin, Baş Qərargah rəhbərliyinin işğal təhdidləri üçün yetərli tədbirlər nəzərdə tutduğunu da vurğulayıb:

“Təlimlər potensial olaraq təhlükəyə səbəb ola bilər. Çünki çox sayda hərbi qulluqçu Belarus ərazisindəki təlimlərin bir hissəsi kimi Ukrayna sərhəddinə keçir. Sərhədimizdə olacaq hər şey Ukrayna üçün təhdid hesab olunur”.

Müdafiə naziri təlimlərin həm Ukraynaya, həm də Rusiya ilə sərhəd olan hər hansı bir Avropa ölkəsinə hücuma başlamaq məqsədilə həyata keçiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Rusiya və Belarusun iştirak edəcəyi “Qərb 2017” birgə təlimi 14-20 sentyabr tarixləri arasında keçiriləcək. İlkin məlumatlara görə, təlimlərdə 13 min hərbiçinin iştirakı gözlənilir.