27/01/2018 12:51

Ukraynaya “Javelin” raketlərinin çatdırılma tarixi fevralın 2-də açıqlanacaq

“Ukrayna Silahlı Qüvvələrinin ABŞ istehsalı olan “Javelin” daşına bilən tank əleyhinə raket kompleksləri ilə təchiz edilməsi fevralın 2-dən sonra məlum olacaq”.

“AzeriDefence” “112 Ukrayna” portalına istinadən xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Stepan Poltorak deyib.

Müdafiə nazirinin sözlərinə görə, dəqiq tarix ABŞ-a ediləcək səfərdən sonra bilinəcək: “Fevralın 2-də Vaşinqtona olan səfərimdən sonra tarix bəlli olacaq”, – deyə S.Poltorak bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Petro Poroşenko Davosda keçirilən konfrans zamanı bildirib ki, Ukraynaya “Javelin” daşına bilən tank əleyhinə raket sistemlərinin təhvil veriləcəyi dəqiq tarix artıq bəllidir.

“Javelin” raket kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.1 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.