04/10/2013 07:55

Uruqvay sərhəd mühafizəsi ASELSAN-ı seçdi

Uruqvay Türkiyənin ASELSAN şirkətinin sərhəd mühafizə sistemlərini seçdi. “AzeriDefence”nin xəbərinə görə, bu barədə ASELSAN şirkəti məlumat yayıb.

Tərəflər arasında sərhəd mühafizə və təhlükəsizliyi sistemlərinin alğı-satqısına dair 3 726 792 ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqavilə çərçivəsində Uruqvay sərhəd mühafizəsinin taktik nəqliyyat vasitələrinə ASELSAN tərəfindən istehsal olunmuş kəşfiyyat-müşahidə radarı, termal kamera, gündüz görmə kamerası və lazer məsafəölçənlərin daxil olduğu elektro-optik paket inteqrasiya ediləcək.

Müqavilə üzrə təslimatlar 2014-cü ildə tamamlanacaq.

Qarşıdakı illərdə sensorlardan alınan məlumatların bölgə və mərkəzi komanda-nəzarət mərkəzlərinə ötürülməsi və layihənin Uruqvay sərhədlərini tam əhatə edəcək şəkildə genişləndirilməsi planlaşdırılır.