07/01/2015 07:56

Uruqvay sərhədlərini ASELSAN sistemləri mühafizə edəcək

Türkiyənin ASELSAN şirkəti ilə Uruqvay Quru Qoşunları arasında 2013-cü ildə imzalanmış müqavilə üzrə Mobil Sərhəd Təhlükəsizlik sistemlərinin çatdırılması tamamlanıb.

ASELSAN-ın baş ofisindən “AzeriDefence”yə verilən məlumata görə, layihə üzrə ASELSAN-ın Mobil Sərhəd Təhlükəsizlik sistemində yer alan sensorlar və elektron avadanlıqlar Uruqvay tərəfindən təqdim olunan nəqliyyat vasitələrinə qurulub.

Sistem ASELSAN-ın Acar müşahidə radarı və ASELSAN elektro-optik və termal sistemləri ilə hər cür hava şəraitində müşahidə aparmağa imkan verir. Nəqliyyat vasitələrindəki idarəetmə Uruqvay üçün xüsusi olaraq hazırlanmış proqram vasitəsi ilə idarə olunur və bütün məlumatlar İdarəetmə Mərkəzində toplanır.

ASELSAN Mobil Sərhəd Təhlükəsizlik Sistemi (ASUR Mobile ®) hədəflərin təsbiti, tanınması, sinfləndirilməsi, çox və ya tək hədəfin təqibi, hədəfin koordinat məlumatlarının hesablanması, coğrafi informasiya sistemi üzərində bölgəylə bağlı durumun təyin olunması və s. qabiliyyətlərə malikdir.