04/07/2018 00:53

Vasif Talıbov Günnüt kəndindəki mövqelərə baş çəkib, əsgərlərlə görüşüb – FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb.

Bu barədə “AzeriDefence” “Nuhçıxan” İnformasiya Agentliyinə istinadən məlumat verib.

Şəxsi heyət qarşısında çıxış edən Ali Məclisin Sədri deyib ki, Əlahiddə Ümumqoşun Ordu və Silahlı Qüvvələrin muxtar respublika ərazisindəki birləşmə və hissələri böyük təşkilatlanma və inkişaf yolu keçib, şəxsi heyət peşəkarlığını artırıb: “Keçirilən hərbi əməliyyatlar onu deməyə əsas verir ki, muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordu formalaşıb. Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir”.

Ali Məclisin Sədri bu əməliyyatların həyata keçirilməsində iştirak edən hərbi hissələrin şəxsi heyətinə təşəkkür edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, şəxsi heyət əməliyyatlar keçirilən zaman rəşadət göstərərək böyük bir ərazini nəzarətə götürüb.

Çıxışlardan sonra Ali Məclisin Sədri Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.

Sonra V. Talıbov Günnüt kəndində və ətraf ərazilərdə yerləşən postlarda olub, əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb. Əsgər və zabitlərə hədiyyələr təqdim edib.

Sonra Ali Məclisin Sədri işğaldan azad edilən Günnüt kəndində olub, ərazidə müdafiənin təşkili və mövqelərin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.

Vasif Talıbova məlumat verilib ki, ön xətdə şəxsi heyət üçün lazımi şərait yaradılır. Postlarda və bölük mərkəzlərində yeni yataqxana və xidmət binaları inşa olunur. Eyni zamanda ərazidə yeni yollar çəkilir, postlar arasında rahat əlaqə təmin edilir.

Qızılqaya yüksəkliyində və müşahidə məntəqəsində mövqelərin vəziyyəti ilə tanış olan Ali Məclisin Sədrinə məlumat verən general-leytenant Kərəm Mustafayev bildirib ki, Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhəddi boyu əlverişli mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirilib. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyyə məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis-istehkam tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradılıb, yeni səngərlər qazılıb. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradılıb.

Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, müdafiə mövqelərinin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.