18/11/2019 16:59

Vasif Talıbov: Naxçıvandakı hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə hazırdır

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, qəbulda Prezident İlham Əliyev Naxçıvanda təhlükəsizlik tədbirlərinin diqqət mərkəzində olduğunu, son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf olduğunu bildirib. “Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”, – deyən Prezident düşmənlə sərhəddə vəziyyət və hərbi potensialın möhkəmləndirilməsi üçün görülməli olan işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muxtar Respublikanın müdafiəsinin təşkili istiqamətində görülən işlər barədə məlumat verərək bildirib ki, alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur: “Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır”.

Dağlıq ərazilərdə yerləşən döyüş postlarının təchizatı barədə məlumat verən Vasif Talıbov postların hamısına yolların çəkildiyini qeyd edib: “Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur”.