31/07/2015 14:58

Vasif Talıbov ön xətdə xidmət edən əsgərlərlə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Batabat bölgəsindəki hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.
Bu barədə “AzeriDefence” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən məlumat verib.

Əsgərlərlə görüşən Ali Məclisin sədri ölkədə aparılan ordu quruculuğu prosesindən danışıb. Qeyd edib ki, ordunun əsgəri-məişət şəraiti və silah-sursat təminatı xeyli yaxşılaşıb. Sosial-məişət problemlərinin həll olunması və hərbi hissələr üçün yaradılan şərait qarşıya bir vəzifə qoyur. O da xidməti vəzifələri layiqincə yerinə yetirmək, vətən sərhədlərini və torpaqları etibarlı müdafiə etməkdən ibarətdir.

V. Talıbov şəxsi heyətin bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, xidməti uğurla, qarşılıqlı hörmət və intizam əsasında başa vuracaqlarına əminliyini bildirib.

Sonra Ali Məclisin sədri əsgərlərin məişət şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, hərbi hissədəki binada idman zalı, tibb otağı, məişət guşələri, təlim sinfi, silah, ideoloji və ayrı-ayrı xidməti otaqlar və 2 əsgər yataqxanası var. Təlim sinfində əsgərlərə taktiki, kəşfiyyat, mühəndis, atəş, rabitə və tibbi hazırlıq, eləcə də hərbi topoqrafiya üzrə təlimlərin nəzəri əsasları öyrədilir. İdeoloji otaqda isə əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb. Əsgərlərin vaxtlı-vaxtında qidalanmasına xüsusi diqqət yetirilir. Bunun üçün anbarda kifayət qədər ərzaq ehtiyatı yaradılıb.

Baxış zamanı V. Talıbov şəxsi heyətin mövsümə uyğun olaraq qidalanmasına, onların tibbi müayinədən keçirilməsinə və şəxsi heyət arasında səhiyyə maarifi işinin aparılmasına dair tapşırıqlar verib.

Sonra Ali Məclisin Sədri hərbi birləşmənin əhatə etdiyi postlarda olmuş, xidmətin təşkili ilə maraqlanıb. Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə mövqelərin vəziyyəti və taktiki şərait haqqında məlumat verib. Qeyd olunub ki, bu gün sərhədlərdə etibarlı müdafiə sistemi qurulmuş, xidmət üçün zəruri olan hər bir şərait var. Postlar ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq yerləşdirilib, lazımi yerlərdə müxtəlif mühəndis-istehkam qurğuları və maneələr yaradılıb, ön xəttin müdafiə imkanı xeyli gücləndirilib. Dayaq məntəqələri və postlar arasında yol və dayanıqlı rabitə əlaqələri yaradılıb, onların hər biri müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub. Müşahidə zonasının daimi nəzarətdə saxlanması təmin edilib. Müasir müşahidə cihazları vasitəsi ilə qarşı tərəfin mövqeləri istənilən hava şəraitində müşahidə olunur.

Maddi-texniki təminatla yanaşı, yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin döyüş hazırlığına da diqqət yetirilir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, hərbi intizamın daim möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması diqqətdə saxlanılır, əsgər və zabitlər xidməti vəzifələri şərəf və ləyaqətlə yerinə yetirirlər.

Ön xətdə yerləşən postlarda xidmət aparan əsgərlərlə görüşən V. Talıbov qeyd edib ki, dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən bu hərbi hissələrdə xidmətin normal təşkili üçün hər cür şərait mövcuddur. Bu da xidmət aparılan ərazilərə yaxın yaşayış məntəqələrində insanların rahat və təhlükəsiz yaşamasına imkan verir.