15/05/2015 12:01

Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin üçüncü ordu komandanı ilə görüşüb

Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşüb.

Bu barədə “AzeriDefence” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən məlumat verib.

Ali Məclisin sədri birgə hərbi təlimlərin keçirilməsini hər iki ölkənin gücünün, eyni zamanda, Azərbaycan və Türkiyə orduları arasındakı birliyin göstəricisi kimi dəyərləndirib.

Muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdıran V. Talıbov deyib ki, düşmən dövlətlə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvanda ordu quruculuğu tədbirlərini zərurətə çevirib. Bu gün Azərbaycan RespublikasıSilahlı Qüvvələrinin Naxçıvanda yerləşən ordu birləşmə və hissələri torpaqlarımızın müdafiəsini etibarlı təşkil etməklə yanaşı, istənilən döyüş tapşırığını da uğurla yerinə yetirmək əzmindədir.

Ali Məclisin sədri Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğuna göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

General Ümit Dündar səmimi qəbula görə minnətdarlıq edib, Naxçıvanda keçirilən birgə hərbi təlimin hər iki ölkə arasında hərbi sahədə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Naxçıvanda bütün sahələrin inkişafının məmnunluq doğurduğunu qeyd edən Ü. Dündar ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin də qürurverici olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak ediblər.