10/06/2019 23:58

Vasif Talıbov Türkiyənin Milli Müdafiə naziri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ali Məclisin Sədri bildirib ki, Azərbaycan-Türkiyə əlaqələrinin əsası ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə qoyulub. 1993-cü ildən isə münasibətlər bir millətin, iki dövləti səviyyəsinə yüksəlib, ötən dövrdə ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq daha da möhkəmlənib.

Ali Məclisin Sədri deyib ki, iki ölkə arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır: “Xüsusilə muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. 1997-ci ildən bugünə qədər Naxçıvan Muxtar Respublikasında 600-ə yaxın Türkiyə hərbiçisi xidmət keçib. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib, muxtar respublikadakı ordu, birləşmə və hissələrin ərzaq, geyim, əşya, texnika, tibbi avadanlıqlar və dərman vasitələri ilə təminatında təmənnasız köməklik göstərib”.

Ali Məclisin Sədri göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Türkiyənin Milli Müdafiə nazirinin şəxsində Türkiyə Silahlı Qüvvələrinə minnətdarlıq edib.

Milli Müdafiə naziri Hulusi Akar Naxçıvana səfərini və göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirib. “Naxçıvan qədim tarixi və müasir inkişafı ilə tamamilə fərqli bir məkandır. Burada olmaqdan böyük məmnunluq duyur və özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, Naxçıvanda “Bir millət, iki dövlət” olduğumuzun bir daha şahidi olduq”, – deyə Hulusi Akar bildirib.

Hulusi Akar Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırıb, Naxçıvanın inkişafının qardaş ölkədə məmnunluqla qarşılandığını vurğulayıb.

Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, – fikirlərini xatırladan Hulusi Akar Moskva və Qars müqavilələrinə toxunub, Türkiyənin daim qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, ikitərəfli əlaqələrdən və qarşılıqlı etimaddan danışıb. Qeyd olunub ki, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında ordu quruculuğu sahəsində əlaqələr hər iki tərəfin səyləri ilə inkişaf etdirilir.

Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral və Azərbaycandakı hərbi attaşesi İsmail Hakkı Köseali görüşdə iştirak ediblər.