24/06/2018 00:43

Vasif Talıbov: “Vətənpərvər və peşəkar zabit heyəti olmadan nizami və mütəşəkkil ordu yaratmaq mümkün deyil”

Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibəti ilə tədbir keçirilib.

“AzeriDefence”nin “Nuhçixan”a istinadən verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.

V.Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 20 illiyi və 18-ci buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri və tədbir iştirakçılarını təbrik edib.

Ali Məclisin sədri bildirib ki, 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan hərbi liseydə bu gün 572 kursant təhsil alır: “Builki məzunlar da nəzər alınmaqla ötən 20 ildə Hərbi Liseyi 3 minə yaxın kursant bitirmişdir. Hazırda onlardan 1600-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində məqsədyönlü tədbirlər görülür. Ordu, birləşmə və hissələrin maddi-texniki təminatı gücləndirilir, silahlanmaya ən müasir döyüş texnikaları daxil edilir.

Bu bir reallıqdır ki, ordunun gücü, onun döyüş qabiliyyəti yalnız güclü maddi-texniki baza və silah təminatı ilə deyil, həm də komandan-zabit heyətinin hərbi hazırlığı və vətənpərvərliyi ilə ölçülür. Vətənpərvər və peşəkar zabit heyəti olmadan nizami və mütəşəkkil ordu yaratmaq, döyüş tapşırıqlarını uğurla yerinə yetirmək mümkün deyil. Hər bir kursant hərbi təhsil sistemini mükəmməl mənimsəməli, bilik və təcrübəsini artırmalı, müasir silahları, hərbi texnikanı bacarıqla idarə etmək vərdişlərinə yiyələnməlidir”.

Çıxış edənlər bildiriblər ki, Günnüt əməliyyatının uğurla başa çatması hər bir azərbaycanlını çox sevindirir: “Bu, Azərbaycan ordusunun gücünü göstərir. Biz inanırıq ki, tezliklə işğal altında olan torpaqlarımız da düşməndən azad olunacaq və Azərbaycanın üçrəngli bayrağı həmin torpaqlarda dalğalanacaqdır”.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Kursant Elçin Abbasov təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurub. Orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Ali Məclisin Sədri kursantlarla xatirə şəkli çəkdirib.