11/11/2017 09:39

“Vestel Savunma” taktik “Karayel-SU” PUA-nı nümayiş etdirəcək

Türkiyənin “Vestel Savunma” şirkəti “Karayel” pilotsuz uçuş aparatının (PUA) silahlı versiyası olan “Karayel-SU”nu təqdim edəcək.

Bu barədə “AzeriDefence”yə “Vestel Savunma” şirkətindən məlumat verilib.

Bildirilib ki, “Karayel-SU” PUA 12-16 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Dubai Airshow-2017” beynəlxalq aviasiya sərgisi və şousunda nümayiş etdiriləcək.

“Vestel Savunma”nın türk mühəndislərin iştirakı və milli imkanlar hesabına hazırladığı “Karayel-SU” PUA-sı müvafiq qurumların tələbi ilə istehsal edilib. Təxminən 3 aya qədər qısa müddətdə PUA-nın sursat inteqrasiyası tamamlanıb və ötən ilin iyun ayında atışlı uçuşu uğurla gerçəkləşdirilib.

Bu nəticələrin davamı olaraq “Karayel”in daha artıq faydalı yük daşıması üçün qanad açıqlığı 10,5 metrdən 13 metrə artırılıb. 16 saat havada qalma müddəti isə 20 saata qədər uzadılıb.

PUA-na hər biri 30 kiloqram yük götürən daha iki silah asması əlavə olunmaqla, faydalı yükü 4 silah staniyasında ümumilikdə 120 kiloqrama çatdırılıb.

Qanadlardakı silah asmaları mobil dizayna malik olub sursatlarla yanaşı fərqli yüklər daşıya biləcək qabiliyyətə sahibdir.