26/09/2019 19:21

Vilayət Eyvazov Daxili Qoşunların cənub bölgəsində yerləşən hərbi hissələrində olub

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Lənkəran və Cəlilabad şəhərlərində səfərdə olub.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, V.Eyvazov DİN Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsinə gedib. V.Eyvazov nazir müavini – Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun müşayiəti ilə hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, həmçinin silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub.

Hərbi hissənin sıra meydanında şəxsi heyət qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov Prezident İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların maddi-texniki təminatının, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Daxili Qoşunların Azərbaycanda müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla qeyd edib.

Nazir şəxsi heyətə konkret tapşırıq və tövsiyələrini verib. Nazir xidməti vəzifələrin və döyüş tapşırıqlarının icrasında fərqlənmiş bir qrup hərbi qulluqçunun mükafatlandırılması barədə müvafiq göstəriş verib.

Cənub bölgəsinə səfəri çərçivəsində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların Cəlilabad şəhərində yerləşən hərbi hissəsində də olub. O, burada da şəxsi heyətin hazırlıq səviyyəsi, xidməti, sosial-məişət şəraiti, maddi-texniki təminatı məsələləri ilə maraqlanıb.

Sonra Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verərək qanunvericiliklə müəyyən edilmiş vəzifə və tapşırıqların öhdəsindən bundan sonra da yüksək səviyyədə və layiqincə gələcəklərinə əminliyini ifadə edib.