03/09/2019 10:58

Vilayət Eyvazov Daxili Qoşunların hərbi hissələrində olub

DİN Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə iştirak edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni binada mənzillə təmin olunmuş sakinlər qarşısında çıxış edərək onları təbrik edib, yeni mənzillərində xoşbəxtlik, yüksək rifah, eləcə də xidmətdə uğurlar arzulayıb.

Daha sonra nazir Vilayət Eyvazov Daxili Qoşunların Qəbələ, Zaqatala rayonlarında və Şəki şəhərində yerləşən hərbi hissələrində olub. Bu tədbirlərdə nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov Vilayət Eyvazova şəxsi heyət və texnika barədə raportlar verib. Hərbi hissələrin sıra meydanında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən nazir V.Eyvazov dövlət başçısınn ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

O, Azərbaycana qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunların cəbhə xəttində şərəfli döyüş yolu keçdiyini, bu yolda yüzlərlə şəhid verdiyini qeyd edərək, bildirib ki, hələ də torpaqların 20 faizi işğal altında olduğuna görə hazırda Azərbaycan müharibə şəraitindədir. Ona görə də qüdrətli Azərbaycan ordusu ilə yanaşı Daxili Qoşunların şəxsi heyəti də öz üzərlərinə düşən xidməti vəzifələri ilə bərabər torpaqların azadlığı və ərazi bütövlüyünün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazır olmalı, döyüş hazırlığı səviyyələrini daim yüksək saxlamalıdırlar.

Sonra Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissələrin qərargahlarında komandir heyətləri ilə əməliyyat müşavirələri keçirilib.

Daha sonra o, hərbi hissələrin tədris, silah otaqlarında, avtomobil və zirehli texnika parkında, tibb məntəqələrində, yeməkxanalarında olub, hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

Nazir əsgər yeməkxanalarında şəxsi heyətlə birlikdə nahar edib.