19/08/2019 18:22

Vilayət Eyvazov Daxili Qoşunların hərbi hissəsində olub

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının paytaxtda yerləşən hərbi hissəsində olub.

Bu barədə “AzeriDefence” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, xidməti istifadədə olan texnikaya baxıb, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb.

Sonra hərbi hissənin sıra meydanında hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən nazir V.Eyvazov Prezident İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.

Şəxsi heyətə konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, xidmətdə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı müvafiq göstəriş verib.

Sonra Daxili İşlər naziri V.Eyvazovun rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib.

Tədbirin sonunda general-polkovnik V.Eyvazov hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib.