23/12/2015 20:49

Vyetnam HDQ-nin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Vyetnam Sosialist Respublikasının Hərbi Dənizçilik Məktəbinin rəis müavini, 1-ci dərəcəli kapitan Phan Van Vanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliytndən məlumat verilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən görüşdə əvvəlcə Vyetnam nümayəndə heyətinə brifinq verilib. HDQ komandanı vəzifəsini icra edən, 1-ci dərəcəli kapitan Şahin Məmmədov qonaqlara Azərbaycan Silahlı Qüvvələrində, həmçinin, Hərbi Dəniz Qüvvələrində aparılan quruculuq işlərin barədə məlumat verib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlərin videoçarxı nümayiş olunub. Vyetnam nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin ərazisi ilə tanış olub və gəmilərə baxış keçiriblər.

Nümayəndə heyəti həmçinin Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində, Silahlı Qüvvələrin Hərbi Akademiyasında və Hərb Tarixi Muzeyində olublar.

Vyetnamlı hərbçilər Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzinə də baş çəkib, Mərkəzin iş prinsipi ilə yaxından tanış olublar.

Müdafiə Nazirliyinin rəsmi media orqanı olan “Azərbaycan Ordusu” qəzetinə müsahibə verən Vyetnam nümayəndə heyətinin rəhbəri 1-ci dərəcəli kapitan Phan Van Van Azərbaycana səfərindən çox məmnun olduğunu bildirib.

Səfərin məqsədinin iki ölkə arasında olan əvvəlki əlaqələri bərpa etmək, təcrübə mübadiləsi aparmaq olduğunu deyən Phan Van Van
səfərin nəticələrini uğurlu qiymətləndirib.

“Bu mənim Azərbaycana 1-ci dərəcəli kapitan kimi ilk səfərimdir. Amma əvvəlki illərdə Azərbaycanda çox olmuşam. 1980-ci ildən 1986-cı ilə kimi Ali Hərbi Dənizçilik Məktəbində təhsil almışam. Gəncliyimin ən qaynar çağları burada keçib. Yenidən ölkənizdə olmaqdan qürur duyuram. Azərbaycan mənə doğma ölkədir”, – deyə Vyetnam nümayəndə heyətinin rəhbəri vurğulayıb.

59