16/09/2019 21:53

WAPS-ın Bakıda keçirilən illik toplantısında müharibə zamanı jurnalistlərin fəaliyyəti müzakirə olunub

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının (WAPS) Bakıda keçirilən illik toplantısı başa çatıb.

Mətbuat Şurasından “AzeriDefence”yə verilən məlumata görə, toplantının yekununda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçilib.

WAPS-in illik toplantısı çərçivəsində sentyabrın 13-də “Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri” mövzusunda konfrans keçirilib. Hüquqşünas-ekspert Orxan Amaşovun moderatorluğu ilə keçirilmiş bu tədbirdə Azərbaycan tərəfdən iki çıxış səslənib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında bildirib ki, münaqişə və müharibə meydanından məlumatların isti-isti yayılması 1653-cü ildə baş verən holland-ingilis dəniz müharibəsi zamanı  qayıqdan müharibə səhnələrini müşahidə edən rəssam Vilyem van de Vildenin döyüş meydanından hazırlanan eskizləri və qeydləri idi. XIX əsrdən Müharibə və münaqişə bölgələrindən hazırlanan yazılar, məlumatlar daha geniş yayılmağa və  ictimaiyyəti daha çox maraqlandırmağa başladı. Beləliklə hərbi jurnalistika yarandı. Qarabağda peşə fəaliyyəti zamanı öldürülən ilk qadın jurnalist Salatın Əsgərova, jurnalistlər Leonid Lazareviç, Valeriy Dementyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Çingiz Mustafayev və öz yazılarında həqiqəti əks etdirmək və münaqişənin əsl simasını açmaq istəyən bir çox insanlar həlak oldu. Bu hələ son deyildi. Çeçenistanda, Abxaziyada onlarla günahsız jurnalist öz peşəkar vəzifələrini yerinə yetirərkən öldürüldülər. Sintia Elbaum və Viktor Popkov kimi məhşur jurnalistlər Çeçenistanda, George Xanya isə Abxaziyada həlak oldular. Bunlar 80-ci illərin sonu 90-cı illərin əvvəllərində yaranan münaqişələrin ilk qurbanları idi. Daha sonra postsovet məkanındakı münaqişələri işıqlandıran və canlarını tapşıran bir çox jurnalistin adları bu siyahıya əlavə edildi: “YUNESKO-nun məlumatına görə, 1993-cü ildən bəri 1.354 jurnalist qətlə yetirilib. Təkcə 2018-ci ildə “Sərhədsiz Reportyorlar Təşkilatı”nın hesabatına görə, dünyada 80 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. 2018-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkələr kimi qeydə alınan ölkələr Əfqanıstan, Suriya, Hindistan, Meksika və Yəmən oldu. Bu gün vəziyyətin heç də yaxşılaşmadığını deyə bilərik. 2019-cu ildə təxminən 35 jurnalist həlak olub”, – deyən U.Rəhimoğlu əlavə edib ki, hazırda 50-dən çox ölkə hərbi münaqişələrə cəlb olunub. Bütün dünyada mövcud və dondurulmuş münaqişələrin sayı, nəzarətsiz və işğal olunmuş ərazilərdə törədilən cinayətlər, beynəlxalq hüquq prinsiplərinin tanınmaması, qeyri-obyektiv məlumatların yayılması, jurnalistikanın əsas prinsiplərinin pozulması, bütün bunlar jurnalistlərin müdafiəsinin təmin edilməsi prosesinə mane olur. Bu gün mülki əhaliyə qarşı tətbiq olunan beynəlxalq hüquq və normalar Cenevrə Konvensiyasının 49-cu maddəsinə uyğun olaraq jurnalistlərə də şamil olunur. BMT-nin Baş Assambleyanın 2 noyabr 2013-cü il tarixli “Jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq problemləri” adlı qətnaməsi isə jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün çox vacib sənəd oldu. U.Rəhimoğlu çıxışında həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasında jurnalistikanın daşıdığı missiyaya diqqət çəkib.

“Azeri Defence” hərbi jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanov çıxışında bildirib ki, regionumuzda dəyişən mürəkkəb hərbi-təhlükəsizlik mühiti medianın qarşısında da yeni tələblər qoyur. Bu tələblərin də ən başlıcası konflikt zonasında çalışan jurnalistlərin peşəkarlığının yüksəldilməsidir.

Son on ildə postsovet məkanında baş verən silahlı münaqişələrə diqqət çəkən R.Süleymanov 2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasında baş vermiş müharibədə 12 KİV əməkdaşının yaralandığını, 1-nin həlak olduğunu vurğulayıb. O bildirib ki, 2014-2015-ci illərdə Ukraynanın şərqində – Donbas regionunda baş verən hərbi əməliyyatları hər iki tərəfdən işıqlandıran 7 jurnalist və ya operator həlak olub: “Etiraf etməliyik ki, istər 2008-ci ilin mart ayında, istərsə də 2014-cü ilin avqust ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinddə baş verən lokal toqquşmalarda Azəbaycan mediasının hazırlıqsız olduğu üzə çıxdı. Məhz bundan sonra, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbərinin KİV rəhbərləri ilə görüşü keçirildi və 2015-ci ilin avqustunda Nazirlər Kabineti tərəfindən “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası” təsdiq edildi. Adıçəkilən sənəd jurnalistlərin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttində, cəbhəboyu zonada akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir. Qaydalara əsasən istənilən KİV öz nümayəndələrini akkreditə edə bilər. Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır. Sözügedən qaydalar Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici KİV-lərə də şamil olunur.

R.Süleymanov çıxışında münaqişə zonalarına ezam olunan jurnalistlərin daha çox ordunun inventarından müvəqqəti olaraq dəbilqə və zirehli gödəkcələrdən istifadə etdiklərini diqqətə çatdırıb. O, həmin dəbilqə və gödəkcələrin kamuflyaj edildiyini və buna görə də jurnalistlərin həyatı üçün bilavasitə təhlükə yaratdığını bildirib: “Düşmən snayperi kamuflyajdakının əsgər və ya jurnalist olduğunun fərqində olmur. Ermənistanda fəaliyyət göstərən “Şant TV” adlı internet televiziyanın əməkdaşı Arşak Zaxaryan və onun əməkdaşları nəinki hərbi kamuflyajdan, hətta cəbhə zonasına gələrkən hərbi avtomobillər kimi kamuflyaj etdiyi özünün şəxsi nəqliyyat vasitəsindən istifadə edir. Onun yayımladığı kadrların bir çoxunda Kalaşnikov avtomatı ilə silahlı şəkildə gəzdiyi yer alır”.

Konfransda yerli və xarici nümayəndələr tərəfindən səslənmiş çıxışlarda jurnalist təhlükəsizliyinin müxtəlif aspektləri müzakirəyə çıxarılıb.