10/08/2014 08:22

Xaçmazda “Xanoba” sərhəd zastavası kompleksi istifadəyə verilib

Avqust ayının 8-də Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi yubileyi ərəfəsində Xudat sərhəd dəstəsinin yeni inşa olunmuş “Xanoba” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.“AzeriDefence”nin xəbərinə görə, sərhəd zastavası kompleksində şəxsi heyət üçün yüksək səviyyəli xidməti-döyüş şəraiti yaradılıb. Kompleksə əsgərlər üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, zabit və gizirlər üçün mebel avadanlıqları ilə təmin edilmiş yaşayış evləri, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar və digər tikililər daxildir.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış etmiş, şəxsi heyətə təbriklərini çatdırıblar.

Mərasimdə prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə olan diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi texniki bazasının xeyli möhkəmlənməsi və Azərbaycan sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması qeyd olunub.

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçulara medallar və qiymətli hədiyyələr təqdim olunub. Dövlət sərhədlərinin mühafizəsində sərhədçilərə köməklik göstərmiş yerli sakinlər fəxri fərmanlarla təltif ediliblər.