30/09/2017 10:39

Xanlar Vəliyev: Silahlı Qüvvələrdə cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb

Cari ildə Azərbaycan Silahlı Qüvvələrində qeydə alınmış cinayətlərin sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Respublika hərbi prokuroru, general-leytenant Xanlar Vəliyevin “Xalq Qəzeti”ndə dərc olunmuş məqaləsində bildirilib.

X.Vəliyev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin I yarımilində hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilib, qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunub:

“2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə təkcə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 12,5 faizi, fərarilik cinayəti 66,7 faizi, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 18,3 faizi azalıb”.

X.Vəliyev qeyd edib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə mütəmadi olaraq təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətin çox böyük əhəmiyyəti olub.