03/04/2019 18:37

Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada olublar

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün aprelin 3-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

On iki dövləti təmsil edən 14 hərbi attaşelik aparatının nümayəndələri akademiyanın tədris fəaliyyəti ilə tanış olub, onlara təhsil müəssisəsi haqqında brifinq təqdim edilib.

Sonra qonaqlar Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edərək orada nümayiş etdirilən ekspozisiyalarla tanış olublar.

Hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.