03/12/2019 11:22

Xəzərdə köməksiz vəziyyətdə qalan Rusiya və İran vətəndaşları xilas edilib

Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, İrana məxsus Hövsan reydində olan “Paya” quru yük gəmisinin 4 nəfər heyət üzvü – İran vətəndaşları 1976-cı il təvəllüdlü Abditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəllüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əlaqədar özlərini pis hiss etmələri haqqında məlumat daxil olub.

DSX-nin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxirəsalınmaz tədbirlər görülmüş və onların Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasına təxliyə edilmələri təşkil olunub.

Bundan başqa Dövlət Dəniz Agentliyinin Milli Mərkəzindən DSX-nin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Rusiyanın bayrağı altında üzən, Türkan reydində hərəkətdə olan “Omskiy-136” quru-yük gəmisinin heyət üzvü 1980-ci il təvəllüdlü matros Zubankov Efim Vladimiroviçin səhhətinin yüksək təzyiqlə bağlı kəskin pisləşməsi ilə əlaqədar köməklik göstərilməsi barədə məlumat daxil olub. Xəstənin tibbi təxliyəsi üçün təxirəsalınmaz tədbirlər görülüb, növbətçi sərhəd gözətçi gəminin qayığı tərəfindən Hövsan limanına çıxarılaraq tibb müəssisəsinə yerləşdirilməsi təşkil olunub.