17/02/2018 11:44

Xızıda 122 mm-lik raket, Füzulidə QDT-90 partladıcısı aşkar olunub

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, fevralın 16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Sitalçay kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə kənd qəbirstlanlığının yaxınlığına baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 20 sm dərinlikdən 1 ədəd 122 mm-lik 9M22U raketi aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Fevral 16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə daxil olan digər məlumatda Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1 ədəd mərminin tapılması bildirilib.

Agentliyin mütəxəssisləri tərəfindən Füzuli rayonu, Qazaxlar kəndində məişət tullantıları ərazisinə baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd QDT-90 partladıcısı aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş partladıcının ətrafında 70 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.