31/01/2018 20:43

Xızıda 25 ədəd, Goranboyda 3 ədəd partlayıcı sursat aşkarlanıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində yanvarın 31-də hərbi hissənin ətrafına baxış keçirilib, 25 ədəd partlamamış hərbi sursat (PHS), 113 ədəd partlamış-yanmış mərmi qalıqları və 305 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 483 000 kv.m (48.30 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 122 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 25 674 ədəd partlamamış hərbi sursat (PHS), 19 417 ədəd partlamış-yanmış sursat qalıqları və 103 669 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 95 135 706 kv.m (9 514 ha) ərazi yoxlanılıb. Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Həmçinin yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2 ədəd mərminin və 1 ədəd əlqumbarasının tapılması barədə məlumat daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (2 ədəd 100 mm-lik top mərmisi (BK-5M və OF-32) və 1 ədəd köhnə model əlqumbarası) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.