22/01/2018 21:09

Xızıda bir gündə 192 ədəd partlamamış hərbi sursat aşkarlanıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, yanvarın 22-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 192 ədəd partlamamış hərbi sursat (PHS), 361 ədəd partlamış-yanmış mərmi qalıqları və 840 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 3 507 175 kv.m (350.72 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 115 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 25 451 ədəd partlamamış hərbi sursat (PHS), 18 053 ədəd partlamış-yanmış sursat qalıqları və 100 687 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 83 321 844 kv.m (8 332 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.