20/12/2017 22:41

Xızıda partlayan anbardan ətrafa dağılan partlayıcı sursatların təmizlənməsi əməliyyatlarının 100 günü -STATİSTİKA / FOTOLAR

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 20-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Upa kəndi ərazisində otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 246 ədəd partlamamış hərbi sursat (PHS), 127 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 358 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 396 500 kv.m  (39.65 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 100 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Aparılan əməliyyat axtarış zamanı 22 975 ədəd partlamamış hərbi sursat (PHS), 14 071 ədəd partlamış-yanmış sursat qalıqları və 83 070 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 74 366 978 kv.m (7 437 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.