12/02/2018 10:12

Xızıda silah anbarında partlayışla əlaqədar təmizləmə əməliyyatları başa çatıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyin və Daxili İşlər Nazirliyin birgə keçirdiyi ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlar başa çatıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, fevralın 11-də partlayış baş vermiş hərbi hissənin ətrafında 297 143 kv.m (29.71 ha) ərazi yoxlanılıb, partlamamış hərbi sursat, partlamış-yanmış sursat qalıqları və yandırma məhsulu aşkar edilməyib.

Ümumiyyətlə, 133 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 25 846 ədəd partlamamış hərbi sursat (PHS), 20 298 ədəd partlamış-yanmış sursat qalıqları və 105 297 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 101 517 849 kv.m (10 152 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.