29/10/2018 23:10

Xocavənddə partlamamış iki ədəd “PQ-7S” raketi aşkarlanıb – FOTO

Oktyabrın 29-da saat 15:33-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunda 500 ailəlik qəsəbə ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən iki ədəd “PQ-7S” raketi aşkarlanıb. Həmin silahlar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Raketlərin tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən oktyabrın 29-dək Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Xocavənd, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində keçirilən baxış zamanı 5250 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə iki, tank əleyhinə on mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib, 393 min 203 kvadratmetr ərazi yoxlanılıb.