17/06/2017 12:29

Xudat sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümü qeyd olunub

İyunun 16-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat sərhəd dəstəsində hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycanın şimal sərhədlərini ilk dəfə mühafizə altına götürmüş hərbi hissənin bu illər ərzində keçdiyi inkişaf yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Xudat sərhəd dəstəsinin dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində böyük nailiyyətlər əldə edərək hazırda Dövlət Sərhəd Xidmətinin ən mükəmməl hərbi hissələrindən biri olması xüsusi qeyd olunub.

1992-1993-cü illərdə Azərbaycanın müstəqilliyinin əleyhinə olan qüvvələrin ölkədə yaranmış gərgin ictimai-siyasi vəziyyətdən istifadə edərək müxtəlif təxribatlar törətmək cəhdlərinin qarşısının qətiyyətlə alınması zamanı Xudat sərhəd dəstəsinin hərbi qulluqçularının Azərbaycan dövlətçiliyinə sadiqlik nümayiş etdirmələri, bu işdə yerli sakinlərin sərhədçilərə yaxından köməklik göstərmələri böyük iftixar və minnətdarlıq hissi ilə yad edilib.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra heç bir sərhəd mühafizə infrastrukturu olmayan şimal sərhədlərində böyük tikinti-quruculuq işlərinin geniş vüsət alması, sərhəd dəstəsinin qarnizonunun və 19 sərhəd zastavasının, 3 sərhəd komendantlığının, 2 sərhəd nəzarəti məntəqəsinin inşa edilməsi sərhəd təhlükəsizliyi məsələlərinə ali diqqətin ifadəsi olması xüsusi qeyd olunub.

Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı məsələlərinə hər zaman ciddi önəm verən prezident İlham Əliyevin Xudat sərhəd dəstəsinə 4 dəfə səfər etməsi sərhədçilərə olan inam və etimadın təzahürü olmaqla yanaşı Ali Baş Komandanla görüşmək şərəfi şəxsi heyətdə böyük ruh yüksəkliyi, sərhədçi adını hər zaman qürurla daşımaq əzmi yaradıb.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev şəxsi heyəti təbrik edib. E. Quliyev hərbi hissənin yaradılması, inkişaf dövrləri ilə bağlı xatirə və təəssüratlarını bölüşüb, sərhəd dəstəsinin təşəkkül tapmasına dəstək olan və köməklik göstərən şəxslərə minnətdarlığını bildirib.

Tədbirdə xidməti fəaliyyətlərində yüksək nailiyyətlər əldə etmiş bir qrup sərhədçi, həmçinin hərbi hissənin əsasının qoyulduğu gün – 1992-ci ilin 16 iyun tarixində ilk dəfə Samur körpüsü üzərində sərhəd nəzarəti xidmətinə çıxmış şəxslər təltifləndirilib. Hərbi Hissənin formalaşdığı ilk dövrlərdə sərhədçilərə yaxından köməklik göstərən yerli sakinlərə, sərhədyanı rayonların dövlət orqanlarının əməkdaşlarına təltiflər təqdim olunub.

Tədbirin rəsmi hissəsi şəxsi heyətin təntənəli marşla tribunanın önündən keçidi ilə başa çatıb.

DSX rəisi qonaqlarla birlikdə hərbi hissədə yeni inşa edilmiş və əsaslı təmir olunmuş binalara baxış keçirib, sərhədçilərlə birgə nahar edib.

Tədbirin sonunda DSX hərbi orkestri və Azərbaycanın incəsənət nümayəndələri sərhədçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.