15/08/2019 14:20

Yaman TUNAOĞLU: KAREL şirkəti Azərbaycan Ordusunun bəzi layihələrində iştirak edir

Türkiyənin İKT sektorunun aparıcı şirkətlərindən olan KAREL Elektronik Azərbaycanda telefon stansiyaları ilə tanınsa da son illərdə ordumzda həyata keçirilən TASMUS və AZRA proqramlarında KAREL özünün hərbi təyinatlı telefon stansiyaları, şəbəkə keçidləri və digər məhsulları ilə yer almağa başlayıb. Şirkət 2018-ci ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2018 beynəlxalq müdafiə sənayesi sərgisinə də qatılaraq, özünün səhra telefon stansiyalarını, alarm-anons sistemlərini və nəqliyyat vasitələri üçün interkom sistemlərini Azərbaycanın hərbi və güc strukturlarına nüayiş etdirmişdir. Şirkətin direktoru Yaman TUNAOĞLU ilə söhbətimizdə KAREL-in müdafiə sənayesindəki layihələri, təqdim etdiyi məhsullar barədə məlumat almağa çalışdıq.

Azeri Defence: Yaman bəy, əvvəlcə KAREL-in fəaliyyət istiqamətləri barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.

Yaman Tunaoğlu: KAREL şirkəti 1986-cı ildə telefon cihazlarının və stansiyaların istehsalı ilə sektorda fəaliyyətə başladıq və qısa müddətdə Türkiyədə bazarın lideri olduq. 1993-cü ildə Ankarada Orqanizə Sənaye Bölgəsində fabrikimizi quraraq ora daşındıq. KAREL bu gün Türkiyənin 30-dan çox ölkəyə məhsul və texnologiya ixrac edən lider markasına çevrilib deyə bilərik. Dünyanın bilinən və güvənilən qurumlarından olan “Brand-Finance”nin hazırladığı “Türkiyənin ən dəyərli 100 markası” siyahısında yer alan şirkətimiz Yaxın Şərq və Afrika bölgəsində lider olmaqla yanaşı, Avropanın ən böyük 3, dünyanın ən böyük 15 PBX istehsalçısından biridir. İKT sistemləri ilə yanaşı təhlükəsizlik sistemləri, domofonlar, alarm sistemləri, kartlı keçid sistemləri, IP DECT rabitə cihazlarının istehsalı sahəsində də KAREL böyük təcrübəyə və nailiyyətlərə sahibdir.

Şirkətimiz tək telefon stansiyalarının və cihazların istehsalı ilə məşğul olmur. Zamanında “Arçelik” şirkəti üçün elektronik kartların istehsalını reallaşdırdıq. Hazırda ildə 8 milyon ədəd elektronik kart istehsal edirik. Bundan sonra, müdafiə sənayesi sektorunda ASELSAN kimi şirkətlə çalışmağa, ASELSAN üçün müəyyən məhsulların istehsalını həyata keçirməyə başladıq və beləliklə müdafiə sənayesi sektoruna daxil olduq. Hərbi təyinatlı telefon cihazları, telefon stansiyaları istehsal etdik. Bu gün bizim telefon stansiyalarımız Azərbaycan Ordusunun TASMUS proqramında və AZRA layihəsində qüllə komanda-nəzarət mərkəzində istifadə olunur. Bizim ASELSAN ilə bir çox layihələrimiz var. Birbaşa satışa gəlincə, bu il Banqladeşdə bir tenderdə qalib olduq və müqavilə imzalamaq üzrəyik. Həmin müqaviləyə əsasən Banqladeşə 50 ədəd telefon stansiyası göndərəcəyik. Bu yaxınlarda İraqdan da səhra telefon stansiyaları ilə bağlı bir təklif almışıq.

Şirkətimiz tərəfindən istehsal edilən DS200T səhra telefon stansiyası bu gün Türkiyə, Azərbaycan və Banqladeş orduları tərəfindən istifadə olunur. Bu stansiya dünyanın hər bir yerində naqilli bağlantılarla danışmağa imkan verir. Başqa sözlə, müasir İP texnologiyalarını da özündə birləşdirən, hibrid stansiya sayılan DS200T hərbi İP radiolink avadanlıqları ilə bağlantı yaradaraq, sürətli, daşına bilən, kiçik və aşağı qiymətli bir rabitə imkanı qazandırır.

Müdafiə sənayesində yaradılma və inkişaf proqramlarımız davam edir. Şirkətimizin nəzdində MIL-STD-810 standartlarına uyğun test laboratoriyası və MIL-STD-461 uyumlu EMC test laborotoriyası fəaliyyət göstərir.

KARELin həmçinin sistem inteqrasiyası ilə məşğul olan heyəti var. Biz Türkiyədəki mobil operatorlarla da çalışırıq. Türkiyənin bir neçə şəhərində MOBESE sistemləri qurmuşuq. Başqa sözlə, müxtəlif sahələrə yönəlik layihələrimiz mövcuddur.

Azeri Defence: Müdafiə sənayesi sektorundakı layihələriniz barədə bir qədər geniş danışaq. Bu sektorda telekom istiqamətindən başqa, perspektivli hansı sahələri nəzərdən keçirirsiniz?

 Yaman TUNAOĞLU: Biz müdafiə sənayesində də telekom məhsullarına ağırlıq verən bir şirkətik. Burada söhbət tək telefon stansiyalarından getmir. Gəmilər, sürətli katerlər, nəqliyyat vasitələri üçün daxili rabitə (interkom) cihazları, alarm-anons sistemləri, İP gateway istehsal edirik. Bu gün istehsal etdiyimiz adıçəkilən cihazlar hərbi və mülki gəmilərdə, “Nurol”, BMC, “Otokar” kimi şirkətlərin istehsal etdikləri zirehli hərbi texnikalarda istifadə olunur. MİLGEM korvetlərimizin  telefon stansiyaları və alarm-anons sistemləri KAREL tərəfindən istehsal olunub. 

Xüsusilə vurğulamaq istərdim ki, KAREL şirkəti olaraq, müdafiə sənayesinin telekom seqmentində hər zaman dünyada baş verən yenilikləri təqdib etməyə, bu kontekstdə yeni məhsullar yaratmağa, yeniliklərlə ayaqlaşmağa çalışırıq. Digər tərəfdən, TASMUS proqramı çərçivəsində ASELSAN-ın bəzi yeni ehtiyacları meydana çıxır və onları qarşılamalı oluruq.

Hazırda şirkətimiz müxtəlif layihələr üzərində işləyir. Bunlardan biri “Hürkuş” təyyarəsinin BFI idarəetmə panelinin yaradılmasıdır. TAİ ilə ortaq layihə çərçivəsində cihazın ilk prototiini hazırladıq. Bu panel təyyarənin bütün elektronik cihazları sıradan çıxdığında belə pilotu uçuş informasiyaları ilə təmin edir. Başqa bir məhsulumuz “Anka” pilotsuz uçuş aparatlarının mühərrikinə nəzarət sisteminin istehsalıdır. Hazırda sistem yeni, yerli mühərriklə birlikdə sınaqdan keçirilir. Bu bizim üçün də yeni bir sahədir. Düşünürəm ki, bu sistemi gələcəkdə helikopter və təyyarə mühərriklərində də istifadə edə biləcəyik.

Yaxın perspektiv üçün müdafiə sənayesində əsas ağırlıq verəcəyimiz seqmentlər bunlar olacaq. “Hürkuş” ilə yanaşı “Hürjet” layihəsində yer alacağıq. Biz parallel olaraq bulud həllər, sünü intellektə yönəlik məhsullara diqqət yetirməkdəyik. Bundan başqa, hərbi və mülki maşınlar üçün elektron aynanın yaradılması istiqamətində çalışmalarımız var.

Son illər bazara təklif etdiyimiz məhsullar arasında maşınlar və sürətli katerlərdə istifadə edilən interkom sistemlərinə böyük tələblər mövcuddur. Əvvəllər Türkiyənin nəqliyyat vasitələri istehsalçıları xarici bir firmadan tədarük edirdilər. Müdafiə Sənayesi Komitəmizin dəstəyi ilə biz bu layihəni reallaşdırdıq. Hansı ki, buna qədər dəniz platformaları üçün bənzər sistemlər istehsal etmişdik. Bu il BMC şirkətinə “Vuran” maşınlarında qurulmaq üçün 700-ə yaxın interkom sistemi verəcəyik. Ümumilikdə, indiyədək 2000-dən artıq maşın üçün interkom sistemi istehsal etmişik. Onu da deyim ki, bizim məhsullar həm keyfiyyət baxımdan, həm də qiymətinin əlverişli olması baxımından xarici analoqlarından üstündür. Biz bu məhsullarımızı eyni zamanda qardaş Azərbaycana da təqdim etmək istərdik.

Qeyd edim ki, tərəfimizdən dəniz və quru nəqliyyat vasitələri, döyüş maşınları üçün istehsal edilən, intercom dediyimiz daxili rabitə sistemləri titrəyişlər, şok, isti kimi təsirlər altında belə işləyir. Su keçirmir, yüksək davamlılığa, elastik dizayna malikdir. Fərqli sayda istifadəçi qoşula bilir. Öncə qeyd etdiyim kimi, interkom sistemlərimizin maşın istehsalçıları arasında son zamanlar daha da populyarlaşdığını görürük. Bu sistemlər iki fərqli radiostansiyala bağlantı yaratmağa, maşın komandiri və heyət arasında əlaqəni təmin etməyə imkan verir. Onu da deyim ki, KAREL olaraq bu cihazları istifadəçinin tələblərinə uyğun olaraq fərqli dizayn və formalarda təqdim ediirik.

Müdafiə qurumlarına təklif etdiyimiz və hazırda istifadədə olan bəzi məhsullarımız barədə məlumat vermək istərdim:

DS200D/T seriyalı rabitə sistemlərimiz quru və dəniz sektorunda istifadə üçün iki versiyada təqdim olunur. Çətin səhra şəraitində istifadə üçün nəzərdə tutulan DS200T cihazı təsirlərə qarşı yüksək dayanıqlığa malikdir. Cihazda xarici rəqiblərindən fərqli olaraq asan istifadə üçün arxadan aydınlatmalı geniş ekranı və düymələr, kabinalara taxılan asqı, qulaqcıq dəsti və PC bazalı sistem idarəetmə interfeysi tətbiq olunub. Bu cihaz analoq/IP/ISDN terminalları, telesekretar, faks, modem, GSM şəbəkə keçidi və digər naqilli rabitə cihazları ilə bağlantı yaratmağa imkan verir.

Bu gün Türkiyə Hərbi Dəniz Qüvvələri daxil olmaqla, bir çox qurumlarda istifadə olunan məhsullarımızdan biri də AD101 Hərbi Gəmi Alarm və Anons Sistemimizdir. AD101-dən istifadə etməklə, alarm və ünvan sistemi ilə bölgədə xəbərdarlıq siqnalları verilə, həmçinin radio-CD vasitəsi ilə mahnı yayımlamaq olar.

AD101 sistemi Rabitə Açarlama Sistemi (MAS) və hərbi gəmi telefon stansiyaları ilə inteqrasiya edilmiş şəkildə çalışır. Sistem həmçinin həm MAS üzərindən təyin edilmiş istifadəçi stansiyalarına, həm də telefon stansiyası üzərindən mikrofon dəsti ilə alarm və anons vermək üçün xarici interfeysə malikdir. MIL-STD-461E və MIL-STD-810F hərbi standartlara uyğun olaraq hazırlanan hərbi konnektorlar, korroziya, titrəyiş və digər problemlərin qarşısını alır.

Azeri Defence: Məhsullarınızdan bəhs edərkən şəbəkə keçidindən – İP- gatewaylardan bəhs etdiniz. Onu həm də ilk dəfə İDEF-2019 sərgisində nümayiş etdirdiniz. Bu cihaz barədə detallı məlumat verməyinizi istərdik.

 Yaman TUNAOĞLU: İP gateway analoq və İP sistemlərin bir birinə keçidini təmin Etmək Üçün nəzərdə tutulur. Bu şəbəkə keçidi həllərini şirkətimizin daxili imkanları hesabına həyata keçirdiyimiz proqram çərçivəsində hazırlamışıq. Hərbi gəmilərdəki peyk rabitə sistemlərində istifadə oluna bilən 7 analoq və E1 xəttini İP teleporta daşıyan şəbəkə keçidimiz artıq istifadəyə qəbul olunub. Bundan başqa, qarşıdakı aylarda Quru Qoşunlarımızda 14 analoq+E1 İP çeviricili AG102 model şəbəkə keçidimiz istifadə olunmağa başlayacaq. İstehsal etdiyimiz Radiostansiya Şəbəkə Keçidi (RoİP) məhsullarımızdan TAG101 4 radiostansiya və 14 analoq portu İP-yə çevirmə tutumuna malikdir.

AG101, AG102 və TAG102 hərbi təyinatlı şəbəkə keçid cihazlarımız FXS moduluna bağlanacaq analoq telefon interfeyslərindən alınan informasiyanı və RoİP moduluna bağlanan radiostansiya interfeyslərindən alınan informasiyanı ethernet/İP informasiyası halına gətirib, birləşdirərək tək bir portdan ötürmək və əks istiqamətdə tək bir portdan daxil olan informasiyanı FXS və RoİP interfeysinə paylaşdırmaq məqsədi ilə istifadə olunur.

Gateway cihazımızın bütün parametrləri SNMP üzərindən kontrol edilə və izlənilə, web interfeysi üzərində idarə edilə bilir. Cihazın üzərində 14 ədəd FXS və 4 ədəd RoİP interfeysi var. Ethernet daşıyıcı interfeysi 10/100 Mbit və Auto-MDIX dəstəkləyir. Cihazın DNS və NAT/STUN dəstəyi vardır və DHCP protokolu ilə avtomatik İP alır, DTMF istifadə edilərək IP şəbəkəsi üzərindən PTT siqnalı daşına bilir. Səs interfeysləri isə G.711, G.723.1 və G.729 səs kodlarını dəstəkləyərək digər şəbəkə keçidli cihazlarla uyumlu şəkildə çalışır. Cihazın analoq səs interfeysləri kriptolu səs rabitəsini həyata keçirə bilən MILSEC-1A cihazıyla uyumlu şəkildə çalışır.

Bizim sərgidə nümayiş etdirdiyimiz digər yeni məhsulumuz isə MAS-200 interkom sistemidir. MAS200 cihazı 30 istifadəçi stansiyasını dəstəkləyir və 4 ayrı radiostansiyaya bağlanır. Cihaz HDQ-nin SAT katerlərinin daxili rabitə ehtiyacları üçün yerli həll olaraq təqdim edilir.

Azeri Defence: Azərbaycan və Mərkəzi Asiya regionundakı fəaliyyətləriniz barədə nələri söyləyə bilərsiniz? Gələcək planlarınız nədir?

 Yaman TUNAOĞLU: Azərbaycanda yerli şirkətimiz fəaliyyət göstərir. Ötən il Bakıda ADEX-2018 sərgisinə qatıldıq. ASELSAN-la birlikdə bir sıra layihələrdə iştirak edirik. Bununla yanaşı, Azərbaycana birbaşa təqdim edə biləcəyimiz məhsullar da var. Məsələn, İP telefoniya sistemlərini,  maşın içi interkom sistemlər, habelə gəmi xəbərdarlıq və anons sistemlərini göstərə bilərəm. Hesab edirəm ki, qardaş Azərbaycanla bir çox sahələrdə çalışa bilmək üçün imkanlar və potensiallar mövcuddur. Azərbaycandakı fəaliyyətimizi artırmaq istəyirik. Mərkəzi Asiyada isə Qazaxıstanla potensial əlaqələrin ola biləcəyini düşünürük.