11/09/2018 17:49

Yaponiya 9 ədəd E-2D radiolakasiya kəşfiyyatı təyyarəsi alır

ABŞ Dövlət Departamenti Yaponiyaya “Northrop Grumman” şirkətinin istehsalı olan 9 ədəd E-2D “Advanced Hawkey” uzaq mənzilli radiolakasiya (RLS) kəşfiyyatı təyyarəsinin satışını təsdiqləyib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinə (DSCA) istinadən məlumat verib.

2014-cü ildə Yaponiya “Northrop Grumman” şirkəti ilə E-2D “Advanced Hawkey” təyyarələrinin alğı-satqısına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən 2016-ci ildə “Northrop Grumman” sözügedən təyyarələrin istehsalına başlayıb.  2017-ci ilin noyabrında şirkətin Florida ştatındakı aviasiya təlim mərkəzində E-2D təyyarəsinin ilk uçuş sınaqları keçirilib.

Təyyarə yeni dizaynı ilə 360 dərəcə radiusda müşahidə apara bilir. E-2D “Advanced Hawkey”də quraşdırılan yeni AN/APY-9 radar sistemi uzaq məsafədən bir çox hədəfi aşkar edə bilir.