08/02/2018 12:17

Yaponiya ABŞ-dan yerüstü raket əleyhinə müdafiə kompleksləri alacaq

Yaponiya ABŞ-dan “Aegis Ashore” yerüstü raket əleyhinə müdafiə kompleksləri alacaq.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri İtsunori Onodera deyib.

Onun sözlərinə görə, alınacaq müdafiə sistemlərinin 2023-cü ilə qədər ölkə ərazisində yerləşdirilməsi planlaşdırılır.

Nazir bildirilib ki, Yaponiya Silahlı Qüvvələri iki qat raket əleyhinə müdafiə sisteminə malikdir: “Yaponiya Ordusu ballistik raket təhdidlərinin qarşısını almaq üçün gəmidə yerləşən “Aegis SM-3” və yerüstü “Patriot PAC-3” raket əleyhinə müdafiə kompleksləri ilə silahlandırılıb”.

Xatırladaq ki, ötən ay Yaponiya və ABŞ arasında SM-3 Block IIA tipli idarə olunan raketlərin alğı-satqısına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, ABŞ Yaponiya Silahlı Qüvvələrini 4 ədəd SM-3 Block IIA raketi, 4 ədəd Mk 29 konteyner tipli raket işəsalma qurğusu, həmçinin texniki və logistik dəstək ilə təmin edəcək. Yaponiya və ABŞ-ın birgə istehsal etdiyi SM-3 Blok IIA raketi ballistik raket təhdidlərinin qarşısını almaq üçün gəmidə yerləşən “Aegis” və yerüstü raket əleyhinə “Aegis Ashore” müdafiə kompleksləri ilə dəstləşdirilə bilir.