22/11/2017 12:02

Yaponiya E-2D radiolakasiya kəşfiyyatı təyyarələri alır

ABŞ-ın “Northrop Grumman” şirkətinin Yaponiya Silahlı Qüvvələri üçün istehsal etdiyi E-2D “Advanced Hawkey” uzaq mənzilli radiolakasiya (RLS) kəşfiyyatı təyyarəsi ilk sınaq uçuşlarını keçirib.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Northrop Grumman” şirkəti məlumat yayıb.

Bildirilir ki, təyyarənin sınaq uçuşları şirkətin Florida ştatındakı aviasiya təlim mərkəzində keçirilib. Təyyarə yeni dizaynı ilə 360 dərəcə radiusda müşahidə apara bilir. E-2D “Advanced Hawkey”də quraşdırılan yeni AN/APY-9 radar sistemi uzaq məsafədən bir çox hədəfi aşkar edə bilir.

Təyyarə yeni aviyonika və rəqəmsal kokpit ilə təchiz olunub. 2014-cü ildə Yaponiya “Northrop Grumman” şirkətilə E-2D “Advanced Hawkey” təyyarələrinin alğı-satqısına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən sözügedən təyyarələrin istehsalına 2016-ci ildə başlayan “Northrop Grumman” hazırda iki ədəd E-2D-nin yekun hazırlıq mərhələsindədir.