25/05/2016 11:54

Yavər Camalov: “Azərbaycan “Zərbə” adlı PUA-nın istehsalına başlayacaq”

Azərbaycan yaxın gələcəkdə “Zərbə” adlı PUA-nın seriyalı istehsalına başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Trend” agentliyinə müsahibəsində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov  bildirib.

Nazir Y. Camalov qeyd edib ki, MSN müəssisələrində bu gün müxtəlif növ atıcı və yaxınməsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları (PUA), atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və sair məmulatlar istehsal edilir.

“Bu gün Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlar, döyüş sursatları, snayper tüfəngləri, minaatanlar, qumbaraatanlar, hücum pulemyotu, pilotsuz uçuş aparatları, zirühli maşınlar və sair müdafiə təyinatlı məmulatlara olan tələbatını təmin edir. Hazırda nazirliyin tabeli müəssisələrində 1100 ada yaxın müdafiə təyinatlı məmulat istehsal olunur”, – deyə nazir vurğulayıb.

Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi yarandığı gündən qarşısında duran prioritet məsələlərdən biri də sahənin ixtisaslı kadrlarlatəmin edilməsi olub. Artıq bu istiqamətdə də müəyyən nailiyyətlər əldə edilib. Belə ki, nazirliyin istəyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2011-ci ildə Azərbaycan Texniki Universitetində sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə “xüsusi texnika və texnologiya fakultəsi” və müvafiq kafedralar yaradılıb. Hazırda qeyd olunan fakultədə 370 tələbə təhsil alır. Ümid edirik ki, bu günün tələbələri olan bu gənclər yaxın gələcəkdə yüksək ixtisaslı kadrlar kimi ölkəmizin müdafiə sənayesinin inkişafı istiqamətində öz bilik və bacarıqlarını tətbiq edəcəklər.