17/12/2017 12:44

Yavər Camalov: Bu il MSN müəssisələrində 136 adda müdafiə təyinatlı məmulat yaradılması istiqamətində işlər aparılıb

Müdafiə Sənayesi Nazirliyin (MSN) Elmi-Tədqiqat İnstitutunda 2017-ci ildə 31 mövzu, o cümlədən müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Əsas mövzular sırasında 57 mm-lik (S-5 tipli) və 80 mm-lik (S-8 tipli) idarə olunmayan aviasiya raketlərinin, 25, 50, 100 və 250 kq-lıq qəlpəli-fuqaslı aviabombaların, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusu və onun qumbarası və s. vardır.

Nazirin sözlərinə görə, 2017-ci ildə də nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilib. Cari ilin 11 ayında nazirliyin müəssisələri tərəfindən 4 məmulat üzrə – xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılıb və istehsalı təşkil olunub. Eyni zamanda, xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşmış və silahlanmaya qəbul edilməsi tövsiyə olunub.

Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilmiş, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif çaplı uzaq mənzilli minaatanların, müxtəlif çapda atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılıb. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilib.