23/06/2017 22:29

Yavər Camalov: MSN 1 milyard 745 milyon manatdan çox məhsul istehsal edib

İyunun 23-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ mərmi istehsalı zavodu və 40×46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ sursatların istehsalı zavodunun açılış mərasimi olub.

“AzeriDefence”nin AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, müdafiə sənayesi naziri Yavər Camalov mərasimdə məruzə ilə çıxış edib.

Y.Camalov bildirib ki, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə, sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanda, eləcə də Şirvan şəhərində bir sıra hərbi sənaye zavodlarının yaradılması müstəqil Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün baza rolunu oynayıb.

“Məlumdur ki, hər bir dövlətin müstəqilliyinin qorunub saxlanılmasında müvafiq atributlar mövcuddur. Onların əsaslarından biri də ordunun təminatını həyata keçirən müdafiə sənayesi sahəsidir. Bu səbəbdən də ilk növbədə, respublikada ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı məqsədilə 1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradıldı. Eyni zamanda, ordumuzun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə xaricdən asılılığı azaltmaq məqsədilə 2003-2005-ci illərdə sahənin inkişafına dair Dövlət Proqramı qəbul olundu. Həmin Proqramın təsdiq edilməsi ilə respublikanın hərbi sənayesinin inkişafının yeni mərhələsi başlandı”, – deyə nazir vurğulayıb.

Prezident İlham Əliyev tərəfindən aparılan islahatlardan biri də ordu quruculuğunun və müdafiə sənayesinin inkişafı ilə bağlı olduğunu deyən Y. Camalov dövlət başçısının Azərbaycanın müharibə vəziyyətində olmasını nəzərə alaraq, regionda və Yaxın Şərqdə ilk dəfə olaraq, Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında qərar verdiyini bildirib: “Yeri gəlmişkən, onu da qeyd edim ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması özünü doğrultmaqla yanaşı, bu gün bir sıra dövlətlərdə nümunə kimi qəbul edilir. Cənab prezident, sizin tapşırığınızla əlaqədar nazirliyin fəaliyyətinin təşkili üçün ilkin olaraq işi tamamilə dayanmaq təhlükəsi ilə üzləşən müəssisələrin bərpasına başlandı. Eyni zamanda, müəssisələrin avadanlıq parkının yenilənməsi, maliyyə sabitliyi üzrə tədbirlərin görülməsi, dövlət sifarişi proqramının və digər istehsal proqnozlarının tərtibi, sosial sahələrin bərpası və sair işlər həyata keçirildi”.

Nazir qeyd edib ki, ötən müddət ərzində dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 58 adda istehsal sahəsi yaradılıb: “Yeni yaradılan istehsal müəssisə və sahələrində, ümumilikdə, 283,5 min kvadratmetrlik tikinti və yenidənqurma işləri görülüb, 500 min kvadratmetr sahədə abadlaşdırma işləri aparılıb. Yaradılmış istehsal sahələrində bütün tələblərə cavab verən və insan amilini minimuma endirən rəqəmsal proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıq dəstləri, 2200-dən çox müxtəlif təyinatlı dəzgah, on minlərlə cihaz, alət və tərtibatlar alınaraq quraşdırılıb. Bütün bunların hesabına bu gün nazirliyin tabeliyində olan zavodların sayı artaraq 18-dən 28-ə çatdırılıb”.

Y.Camalov bildirib ki, Nazirliyin fəaliyyəti dövründə, ümumilikdə, 1 milyard 745 milyon manatdan çox məhsul istehsal edilib. Həmin məhsulların 80 faizdən çoxu müdafiə təyinatlı məhsullardır. 2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatli məhsulların həcmi isə 42 dəfə artıb deyən Y. Camalov ümumilikdə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidi artaraq 213-dən 1200-ə çatdırıldığını vurğulayıb.

Y.Camalov qeyd edib ki, ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və sair snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M, 2B, 3B və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını göstərmək olar.

“Bu gün müəssisələrimiz fəaliyyətə başladığımız ilk dövrlərdən fərqli olaraq, rəqabətədavamlı, yüksək dəqiqliyə malik, elm tutumlu ən müasir silah, sursat, optik vasitələr və sair məhsullar istehsal etməklə həm Milli Ordunun, həm də digər güc qurumlarının sifarişlərini yerinə yetirmək iqtidarındadır. Onu da qeyd edim ki, müştərək müəssisələrin yaradılması üzrə beynəlxalq əməkdaşlığa da böyük önəm verilir. Bunun əyani sübutu kimi, xarici tərəfdaşlarla birgə yaradılmış pilotsuz uçuş aparatlarının istehsalı müəssisəsini göstərmək olar, – deyə nazir vurğulayıb.

Prezident İlham Əliyevin ötən ilin iyul müşavirəsində yeni nəsil silah növlərinin istehsalı ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirildiyini deyən Y. Camalov qeyd edib ki, yaradılmış yeni nəsil “Zərbə KM” tipli pilotsuz uçuş aparatları uğurla sınaqdan çıxarılıb və istehsal olunaraq sifarışçilərə təhvil verilib: “Eləcə də həmin silahın daha təkmilləşdirilmiş modeli olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlər davam etdirilir. Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşını üzrə işlər də uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib və seriyalı istehsalına hazırlıq işləri aparılır.

Bununla yanaşı, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi üzrə də işlər uğurla davam etdirilir. Onu da qeyd edim ki, hazırda nazirliyin müəssisələrində peşəkar kadr potensialı formalaşıb. Vaxtilə mütəxəssislərimiz xarici təcrübənin öyrənilməsi və təlim məqsədilə bu sahədə inkişaf edən xarici ölkələrə gedirdilər. Sevindirici haldır ki, bu gün bizim təcrübənin öyrənilməsi istiqamətində bir sıra ölkələrdən ünvanımıza müraciətlər daxil olur”.

Müəssisələrdə yeni istehsal sahələrinin yaradılması hesabına, ümumilikdə 2300-dən çox yeni iş yeri açıldığını deyən Y. Camalov eyni zamanda, işçilərin orta aylıq əməkhaqqı 2006-cı illə müqayisədə 5,5 dəfədən çox artaraq, respublika üzrə orta göstərici səviyyəsinə çatdırıldığını bildirib.

Y.Camalov qeyd edib ki, Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların xarici bazarlara çıxarılması məqsədilə MSN 35-dən çox beynəlxalq sərgidə iştirak edib. Son dəfə cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdirildiyini deyən nazirbildirib ki, bu sərgidə ziyarətçilərə yeni məhsullar da təqdim olunub və böyük maraqla qarşılanıb.

Y.Camalov bildirib ki, MSN xarici ölkələrdə keçirilən sərgilərdə iştirak etməklə yanaşı, 2014-cü və 2016-cı illərdə Bakıda keçirilən Beynəlxalq Müdafiə Sənayesi sərgilərinin təşkilatçısı rolunda çıxış edib: “Belə bir nüfuzlu tədbirin regionda ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin regionda lider olduğunun əyani nümunəsidir. İnanırıq ki, 2018-ci ildə keçiriləcək sərgi də Bakı şəhərini hərbi-texniki əməkdaşlığın qurulması üçün beynəlxalq mərkəz kimi dünyada tanıdacaq. Beynəlxalq müdafiə sərgilərində iştirakımız ixrac sahəsində uğurlar qazanmağa imkan verib.

Cənab prezident sizin tapşırığınızla ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı nazirlikdə məqsədyönlü işlər həyata keçirilir. Bu gün məhsullarımızdan döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və sairənin ixracı həyata keçirilir. Hazırda ixrac müqavilələrinin dəyəri 101 milyon ABŞ dolları təşkil edir və bunun da 54 milyon dolları qüvvədə olan müqavilələrdir”.

MSN Azərbaycan Silahlı Qüvvələrinin və digər güc qurumlarının müdafiə təyinatlı məmulatlara tələbatının önəmli hissəsini yerli müəssisələrin hesabına ödəməyə nail olub deyən nazir onu da qeyd edib ki, Nazirliyin bu sahədə mövcud imkanları daha da genişdir.

“Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən ilin aprel döyüşləri də bir daha sübut etdi. Silahlı Qüvvələrimiz tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilməsi nəticəsində bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edildi.

Cənab Ali Baş Komandan sizi əmin edirəm ki, yeni yaradılan milli döyüş silahları işğal olunmuş ərazilərimizin azad edilməsində mühüm rol oynayacaq”, – deyə Y. Camalov vurğulayıb.