17/12/2017 11:29

Yavər Camalov: Ondan çox ölkəyə hərbi məhsullar ixrac edirik

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən son on ildə istehsal olunmuş məhsul həcmi 6,7 dəfə, müdafiə təyinatlı məhsulların həcmi 42 dəfə artıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə Müdafiə Nazirliyi və digər qurumlara verilən məhsulların həcmi 7,1 dəfə artıb. Hazırda 10-dan çox ölkəyə məhsul ixrac edildiyini deyən nazir ixracda hər keçən il artım olduğunu vurğulayıb.

“Bu gün qarşıya qoyulan prioritet ölkədə ehtiyac duyulan hərbi məhsulların istehsalınln qurulması və bu yolla idxalı azaltmaqdır. MSN olaraq bu istiqamətdə qarşımıza qoyulan vəzifələri icra edirik” deyə nazir qeyd edib.

Nazir Türkiyənin ASELSAN şirkəti ilə birgə bir neçə layihənin nəzərdən keçirildiyini və “Alov” zavodunda servis mərkəzinin yaradılmasına dair razılaşma əldə olunduğunu vurğulayıb. Camalov 2018-ci ildə bir sıra Türkiyə və xarici ölkələrin şirkətləri ilə birgə müəssisələrin yaradılmasının nəzərdə tutulduğunu bildirib.