05/05/2015 17:04

Yavər Camalov Malaziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Bu gün Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2015 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Malaziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Zülfiqili Benzayi ilə görüşüb. “AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın imkanlarına dair fikir mübadilələri aparılıb.

Nazir Y.Camalov Azərbaycan MSN-in Malaziya ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Y.Camalov 2014-cü ilin aprelində Malaziyada keçirilən sərgidə Azərbaycan MSN-nin iştirak etdiyini də vurğulayıb.

Bu gün həmçinin Azərbaycan MSN-in stendinə bir sıra ölkələrin şirkətlərinin nümayəndələri də gəlib.

Qeyd edək ki, bu gün İstanbulda İDEF-2015 beynəlxalq müdafiə sərgisinin rəsmi açılış mərasimi keçirilib. Sərginin açılış mərasimini bildirən lenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kəsib. Açılış mərasimində Türkiyənin ordu rəsmiləri, xarici ölkələrin güc strukturlarını rəhbərləri, dəvətli nazirlər, o cümlədən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev iştirak ediblər.

Sərgidə Azərbaycandan Müdafiə Sənayesi Nazirliyinin geniş tərkibli nümayəndə heyəti iştirak edir.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və DSX rəisi Elçin Quliyev MSN stendinə gələrək Azərbaycanın istehsalı olan məhsullarla tanış olublar.

Sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti Türkiyə firmalarının, habelə xarici şirkətlərin stendlərini gəzərək tanış olublar. Azərbaycan heyətinə Otokar şirkətinin istehsalı olan “Altay” tankı, “Tulpar” piyadaların döyüş maşını, yeni Cobra II, həmçinin TAI şirkəti tərəfindən T129 ATAK helikopteri barədə məlumat verilib.

Sərgidə nümayiş etdirilən 14.5 mm çaplı «İstiqlal» snayper tüfənginin modernləşdirilmiş versiyası olan «İstiqlal-T», HP-7.62 hücum pulemyotu, həmçinin müxtəlif çaplı döyüş sursatları böyük marağa səbəb olub.