23/04/2014 06:41

Yavər Camalov: “Müdafiə sənayemizin əsas hədəfi Azərbaycanın xarici ölkələrdən hərbi-texniki asılılığını aradan qaldırmaqdır”

“Azərbaycanın tək neft deyil, müdafiə sənayesində də adı olan ölkə olduğunu göstərəcəyik”

“AzeriDefence” Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun APA agentliyinə müsahibəsini təqdim edir- Cənab nazir, sentyabr ayında Azərbaycanın hərb tarixində ilk olan ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək. Bu sərgiyə hazırlıq necə gedir, sərgidən gözləntiləriniz nədir?

– Sərgiyə hazırlıqla bağlı təşkilat komitəsi yaradılıb və bütün istiqamətlərdə işlər aparır. Bunun nəticəsi olaraq, artıq bu günə 21 ölkədən 100-dən artıq şirkət ADEX sərgisində iştirakını təsdiqləyib. Son olaraq, Malayziyada keçirilən DSA-2014 beynəlxalq müdafiə sərgisində də müxtəlif ölkələrin rəsmi qurumları və şirkət rəhbərləri ilə danışıqlar aparmışıq. Ümidvaram ki, bu ölkələrin hesabına sərgiyə qatılım da artacaq. Sinqapurun bir neçə şirkəti, “Boeing”, Malayziyanın müdafiə naziri və bu ölkənin şirkətləri Bakıda keçirilən sərgiyə qatılmaq niyyətində olduqlarını açıqlayıb. Ümumilikdə ADEX iştirakçı şirkətlərin yerləşmə coğrafiyasına görə dünyanın bütün qitələrini əhatə edir. Sərgidə Türkiyə, Rusiya, Amerika, Fransa, İsrail, Pakistan, Polşa, Rusiya, Belarus, Koreya və digər ölkələrdən çoxlu sayda şirkət öz məhsulunu nümayiş etdirəcək.

– Azərbaycanda keçiriləcək sərgi ilə Azərbaycanın qatıldığı sərgilərin fərqli cəhətləri nə olacaq?

– Bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 900-dən artıq çeşiddə müdafiə təyinatlı məmulat istehsal edilir. Onların hamısını beynəlxalq sərgilərə aparmaq mümkün deyil. Xatırlayırsınızsa, 2009-cu ildə İstanbulda keçirilən sərgidə 27 adda məhsul nümayiş etdirmişdik. Malayziyaya 132 adda məhsul çıxardıq. Məhsul çeşidlərimiz ilbəil artır. Azərbaycanda keçiriləcək sərgidə daha fərqli, xarici sərgilərə çıxarmadığımız silah və döyüş sursatlarımızı, müxtəlif mühəndis texnikalarını, kəşfiyyat vasitələrini, qoruyucu vasitələr, müxtəlif aviasiya bombaları nümayiş etdirəcəyik. Hazırda sərgiyə hazırlıqla bağlı bizim müəssisələrdə ciddi işlər aparılır. Məsələn, bu gün bizdə 50, 100, 250 və 500 kq çəkidə aviabombalar var. Eyni zamanda “Ford” maşınının şassisi üzərində mütəxəssislərimiz tərəfindən 107 mm çaplı reaktiv atəş sistemi hazırlanıb. Atış məsafəsi 11 km təşkil edən bu qurğunu ilk dəfə ADEX sərgisində nümayiş etdirəcəyik. Yaxın vaxtlarda poliqonda o maşının sınaqları keçiriləcək. Bu qurğunun bütün atəş idarəetməsi maşının kabinəsindən həyata keçirilir.

– Müdafiə sənayesində bu il hansı yeniliklər nəzərdə tutulur?

– Bu il, daha doğrusu, yaxın vaxtlarda Serbiyanın bir şirkəti ilə Azərbaycanda 40 mm çaplı barabanlı qumbaraatanların və onların sursatlarının seriyalı istehsalına başlayacağıq. Artıq bunun üçün istehsalat sahəsi yaradılıb. Silahın nümunələri hazırlanaraq testlərdən keçirilib. Ümumilikdə, bu il 7-8 zavodu işə salmağı planlaşdırırıq. Bura müxtəlif döyüş sursatlarının, silahların və digər məmulatların istehsalı daxildir. Bu zavodların birində 85 mm-dən 155 mm-dək müxtəlif kalibrdə tank və artilleriya mərmilərinin seriyalı istehsalı həyata keçiriləcək. Hansı ki, ordumuzun bu mərmilərə böyük ehtiyacı var. Bundan əlavə RPQ-7 qumbaraatanlarının döyüş sursatlarının seriyalı istehsalı zavodu işə çalınacaq. Burada qumbaraatanlar üçün 4 növ sursat istehsal olunacaq. Bundan başqa, 5.45 mm-dən 30 mm-dək bütün növ silahlar üçün lülələrin istehsalına başlayacağıq. Artıq bu texnologiyanı da Serbiyadan almışıq. Qeyd edim ki, hazırda lülə istehsalı texnologiyası çox az ölkədə var. Silahların lüləsinin bir atış resursu var. Onu başa vurduqdan sonra silah istifadədən çıxarılır. Yaxın vaxtlarda Türkiyənin MKE şirkətinin lisenziyası ilə MP-5 tapança pulemyotun istehsalına başlayacağıq. Artıq məhsul istehsala hazırdır. Biz yerli mütəxəssislərimiz tərəfindən hazırlanmış «Mübariz» və «Yalquzaq» snayper tüfənglərinin də testlərini bitirmək üzrəyik. Müdafiə Nazirliyindən texniki şərtləri almışıq və hər iki snayper tüfəngi bu il silahlanmaya qəbul olunacaq.

– Müdafiə Sənayesi Nazirliyi ordunun təchizatını nə zaman tam qarşılamağı nəzərdə tutur?

– Müdafiə sənayesinə dövlət davamlı şəkildə investisiyalar yatırır, dünyanın müxtəlif ölkələrindən ölkəyə texnologiyalar gətiririk. Ən müasir avadanlıqlar bizim istehsal prosesimizdə tətbiq olunur. Eyni zamanda kadr hazırlığı prioritet məsələlərdəndir. Biz vaxtı ilə orduda xidmət etmiş, təcrübəli, öz sahəsini bilən mütəxəssisləri də MSN-ə cəlb etməklə müdafiə sənayesinin inkişafında onların potensialından istifadə etməyə çalışırıq. Nəticələr səmərəlidir. Mütəxəssis çatışmazlığı Azərbaycanda var və bunu etiraf edirik.

Müdafiə Sənayesi Nazirliyi yaradılarkən qarşısına Silahlı Qüvvələrimizi və güc strukturlarını ehtiyac duyulan silah və sursatla, texnika və digər müdafiə təyinatlı məmulatlarla təchiz eləmək tapşırığı qoyulub. Bu gün nazirlik bu sahədə qeyd etdiyimiz kimi, müxtəlif layihələr reallaşdırır və düşünürəm ki, yaxın illərdə biz ordumuzun ehtiyaclarının əhəmiyyətli hissəsini qarşılamağa nail olacağıq. Müdafiə sənayemizin əsas hədəfi ölkəmizin xarici ölkələrdən hərbi-texniki asılılığını aradan qaldırmaqdır. Biz də bu hədəfə nail olmağa çalışırıq. Yaxın gələcəkdə biz aviasiya sektorunda, xüsusilə də modernləşmə proqramlarında da öz layihələrimizi ortaya qoymaq niyyətindəyik.

– Bəzi layihələrin gecikməsi müşahidə olunur. Bu, nə ilə bağlıdır?

– Gecikmələr maliyyələşmə ilə bağlı olan məsələlərdir. Amma bağlanmış müqavilələr qrafikə uyğun icra olunur və heç bir yubanma yoxdur.

– Böyük təşkilatların rəqabət apardığı dünya müdafiə sənayesi bazarına MSN ötən il 123 milyon dollarlıq ixracat gerçəkləşdirdi. Bu ixracat barədə nə deyə bilərsiniz?

– Qısa müddətə bu rəqəm əlbəttə böyük nailiyyətdir. Hansı ki, belə bir göstəriciyə nail olmaq üçün illərlə çalışmaq lazımdır. Bizim beynəlxalq sərgilərdə iştirakımızın başlıca məqsədi də müdafiə sənayesi məhsullarını xarici ixracatını həyata keçirməkdir. Malayziyada keçirilən son DSA-2014 sərgisində də Malayziya və Sinqapurun bir neçə şirkəti ilə Azərbaycan məhsullarının Cənubi-Şərqi Asiya bazarında marketinqinin təşkili və satışı üçün anlaşdıq. Bizim ixracatın coğrafiyası və strukturu müxtəlifdir. Türkiyə, Rusiya və Belarusa ixracatımız var. Bir neçə ölkəyə xırda həcmli ixracatımız olub. Hazırda bir NATO ölkəsi ilə müqaviləmiz var və ora öz məhsullarımızı ixracını həyata keçirməyə hazırlaşırıq. Biz fəaliyyətimizlə Azərbaycanın tək neft ölkəsi deyil, müdafiə sənayesində də adı olan ölkə olduğunu göstərəcəyik.